AzərbaycanSiyasət

“Əvvəlcə 5 rayon, sonra 2 rayon qaytarılır, bununla da…” – Müsahibə

“Lavrovun Qarabağ ətrafındakı rayonların azad edilməsindən açıq şəkildə danışması yaxşı niyyətlərdən irəli gəlmir. Ortada “Kazan formulu” adlanan bir “Lavrov planı” vardı. Bu plan o zaman ictimai rəyə açıq formada mərhələli həll və ya ətraf rayonların qaytarılması şəklində təqdim olunmamışdı”.

Politoloq Natiq Miri belə düşünür.

Onun Teleqraf.com-a müsahibəsini təqdim edirik.

– Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Qarabağla bağlı açıqlaması Ermənistanda narazılıq yaratdı. Sizcə, onun gözlənilmədən Qarabağətrafı rayonların Azərbaycana qaytarılmasından danışması, nəyə hesablanıb?

– Lavrovun açıqlamalarına birmənalı yanaşmaq çox çətindir. Onun fikirlərinin arxasında hansı niyyətlərin durduğunu demək asan deyil. Rusiyanın birdən-birə Qarabağ münaqişəsinin mərhələli həll planından və bu kontekstdə ətraf rayonların Ermənistan tərəfindən boşaldılmasından danışması, Moskvanın məsələni həll etmək istəyindən irəli gəlmir. Rusiyanın bu məsələdə səmimi olduğunu düşünmək çox çətindir. Xüsusilə də nəzərə alsaq ki, Lavrov bir ermənidir, münaqişənin həll prosesində ən böyük manipuliyatordur və Ermənistan tərəfindən danışıqların idarə edilməsini, bilavasitə onun özü həyata keçirir. Ayrıca bu açıqlamanı ATƏT-in Minsk qrupu həmsədrlərinin razılaşdığı məqam kimi təqdim etmək də çətindir. Eyni zamanda, Rusiyanın beynəlxalq hüquqa söykənərək, bu məsələnin həllinə çalışdığını demək də mümkün deyil.

Düşünürəm ki, bu, daha çox Rusiya hakimiyyəti ilə yola getməyən Paşinyan hökumətinin siyasi davranışları ilə bağlı olan məsələdir. Bu, Rusiya, bilavasitə Lavrovun özü tərəfindən ortaya atılmış bir məsələdir ki, buna münasibətdə Ermənistanın ictimai rəyini öyrənsinlər. Ayrıca, Ermənistanda ictimai rəyi Paşinyan əleyhinə yönəltmək istəyi ilə də bağlıdır. Hesab edirəm ki, səhnənin arxasında duran əsas niyyətlərdən biri budur.

Qənaətimə görə, Lavrovun Qarabağ ətrafındakı rayonların azad edilməsindən açıq şəkildə danışması yaxşı niyyətlərdən irəli gəlmir. Ortada “Kazan formulu” adlanan bir “Lavrov planı” vardı. Bu plan ortaya çıxanda bu, ictimai rəyə açıq formada mərhələli həll və ya ətraf rayonların qaytarılması şəklində təqdim olunmamışdı. Heç vaxt bu məsələlər Rusiyanın xarici işlər naziri səviyyəsində dilə gətirilməmişdi. Əlbəttə, birdən-birə məsələnin bu formada açıqlanması xeyli suallar yaratdı. Qənaətimə görə, bu məqam Azərbaycanın xeyrinə deyil. Qeyd etdiyim kimi, bu, daban-dabana Rusiya əleyhinə açıqlamalar verən Paşinyan hökuməti cəzalandırmaq üçün nəzərdə tutulmuş fikirdir və Ermənistan ictimaiyyətində süngü ilə qarşılandı.

– Yəni Ermənistan masadakı həll variantları ilə razılaşmaq istəmir…

– Bəli, Ermənistan mərhələli həll planını birmənalı şəkildə qəbul etmir. Bu kontekstdə də, Qarabağ ətrafındakı rayonların qaytarılmasını qəbul etmək istəmir. Fikir verin, Lavrovun açıqlamasından dərhal sonra məsələyə münasibət bildirən Ermənistan xaric işlər nazirinin sözçüsü Naqdalyan ətraf rayonlar məsələsini Qarabağdakı separatçı rejimin təhlükəsizliyi amilinə bağladı. Bununla açıq formada mərhələli həll planını qəbul etmədiklərini bəyan etdilər. Buna görə də, məsələni birmənalı olaraq, dəyərləndirmək çox çətindir. Bu, Lavrovun növbəti manipuliyasiyası kimi dəyərləndirilməlidir. Ya bu əvvəlcədən razılaşdırılaraq verilən açıqlamadır, ya da Ermənistanda ictimai rəyi Paşinyan əleyhinə qaldırmaq istəyi ilə bağlıdır.

– Qeyd edirsiniz ki, Rusiya münaqişənin həllində maraqlı deyil. Yəni Qarabağ məsələsini təkcə Ermənistan və Azərbaycana təzyiq vasitəsi kimi saxlayır, yoxsa başqa planları var?

– Rusiyanın istənilən addımında müxtəlif səbəblər və hədəfləri var. Bu amillər də, Dağlıq Qarabağ münaqişənin həllinə mane olur. Hələlik Qarabağ münaqişəsinin həll edilməsi Rusiyanının xarici siyasət prioriteti deyil. Çünki Rusiya hələ də düşünür ki, bu münaqişə həll olunarsa, Gürcüstandan sonra Cənubi Qafqazın bu iki ölkəsini də itirəcək. Rusiya hesab edir ki, bu təzyiq vasitəsi əlindən çıxsa, Azərbaycan və Ermənistan Qərbə inteqrasiya siyasətini gücləndirəcək. Rusiyada bu narahatlıq var.

Rusiya MDB məkanında təkcə Dağlıq Qarabağ münaqişəsini yaratmayıb. Moldovada Dnestryanı bölgədə bir qondarma respublika yaradılıb ki, Rusiya hələ də bu münaqişənin həllinə, Moldovanın ərazi bütövlüyünün təmin edilməsinə imkan vermir. Habelə Ukraynada belə bir münaqişə mövcuddur. Rusiya faktiki olaraq, Krımı işğal etdikdən sonra Donbasa silahlı təcavüz etdi. Hələ də bu iki bölgə işğal altındadır. Bu gün MDB-də Ukrayna və Moldovanın da, Azərbaycan kimi ərazi bütövlüyü problemləri var. Bütün bu problemlər Rusiya tərəfindən süni olaraq yaradılıb, onun tərəfindən idarə olunur. Rusiya Dağlıq Qarabağ kimi, bu münaqişələrin də həllinə imkan vermir.

– Bəs münaqişələr nə vaxt həllini tapa bilər?

– Rusiya öz geosiyasi maraqlarını təmin etməyənədək bu münaqişələri həll etməyəcək. Rusiya düşünmür ki, bu məsələlərin həllinin vaxtı çatıb. Fikir verin, son günlərdə yenidən Moskvada rus imperiyasının bərpa olunmasından danışırlar. Şəxsən Rusiya Prezidenti Vladimir Putinin özü açıqlama verdi ki, guya postsovet respublikalarında SSRİ-nin yenidən bərpası ehtiamlı qorxu yaratmır və bu, bütün respublikaların xeyrinə ola biləcək bir məsələdir. Bu bir daha onu göstərdi ki, Rusiya hələ də imperiya olmaq ambisiyasından əl çəkməyib. Buna görə də düşünürəm ki, Lavrovun açıqlaması Dağlıq Qarabağ münaqişəsinin həll prosesi ilə bağlı deyil.

Ayrıca, bu məsələdə Azərbaycanı şirnikləndirmək amili ortada ola bilər. Məlumdur ki, Rusiya uzun müddətdir Azərbaycanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İttifaqına cəlb etmək istəyir. Əlbəttə, bu təşkilatların nüvəsi Rusiyadır. Buna görə də, Azərbaycan bu təşkilatlara üzv olmaq istəmir. Həm də ona görə ki, bu təşkilatlarda Azərbaycan ərazilərini işğal edən Ermənistan dövləti var. İşğal faktoru aradan qaldırılmadan əməkdaşlıq və inteqrasiyadan söhbət gedə bilməz. Bu baxımdan, Lavrovun bu açıqlamasının arxasında Azərbaycanı sözdə şirnikləndirmək məsələsi dura bilər. Yəni bu o qədər də xoşagələn bir açıqlama deyil.

– Rusiya həll istəyinə qarışılıq Azərbaycandan daha nə istəyə bilər?

– Bundan əvvəl “Kazan formulu” deyilən bir plan ortaya atılmışdı. Bu planda ilkin mərhələdə Qarabağ ətrafındakı 5 rayonun Azərbaycana qaytarılması məsələsi yer alırdı. Guya bundan sonra gələcək perspektivdə 2 rayonun qaytarılması nəzərdə tutulurdu. Amma bundan əvvəl Qarabağa status verilməli idi. Düşünürəm ki, bu, Azərbaycan üçün qorxunc plandır. Bu iki rayon Kəlbəcər və Laçın rayonlarıdır. Bu rayonlar bölgədə ən yüksək mövqedə yerləşir. Laçın və Kəlbəcər qaytarılmadan Azərbaycan əhalisinin digər rayonlara qaytarılması problematik olacaq. Strateji yüksəklikdə yerləşən bu 2 rayon qaytarılmasa, Azərbaycan əhalisinin təhlükəsizliyini təmin etmək mümkün olmayacaq.

Hesab edirəm ki, Rusiya bu məsələləri təsadüfən ortaya atmır. Rusiya 5 rayonun qaytarılması ilə ətraf rayonlar və Qarabağda rus qoşunlarının yerləşdirilməsi məsələsini önə çəkir. Bu da Azərbaycan tərəfindən qəbul ediləcək bir məsələ deyil. Çünki Dağlıq Qarabağda öz qoşunlarını yerləşdirəcəksə, bu bölgə həmin dövlətin olacaq. Bundan sonra gələcək perspektivdə Azərbaycan Rusiyanın xoşuna gəlməyən bir addım atarsa, Dağlıq Qarabağ və ətrafında yerləşən rus qoşunları istənilən zaman Qarabağ yarasını asanlıqla qanada biləcək. Buna görə də, rus qoşunlarının Qarabağda yerləşdirilməsinə qətiyyən razılaşmaq olmaz.

Related Articles

Bir cavab yazın

Back to top button