AzərbaycanİranMəqalələr

Tarix: Təbrizdəki türbə və məqbərələr – Qırmızı günbəd türbəsi

Qırmızı günbəd türbəsi Marağa şəhərindəki bir neçə qülləvari türbədən ən qədimidir

Türbə 1148-ci ildə Əbdüləziz bin Mahmud bin Səədin fərmanı ilə inşa edilmişdir. Qırmızı günbəd bir neçə cəhətdən dəyərli memarlıq əsəridir. Bu abidə sərdabəsinin ortasında dayaq sütunu olan ən qədim abidədir. Azərbaycan memarlıq tarixində kaşı bəzəyinin ilk bəlli örnəyi də bu abidədədir. Memarlıq irsində memar ixtisas adına birinci dəfə Qırmızı günbəd türbəsinin tikinti kitabəsində rast gəlinir. Abidənin müəllifi bənna Bəndanın oğlu, Memar Möhsünün nəvəsi Bəkr Məhəmməddir.

Qırmızı günbəd türbəsi ikiqatlı olub həm sərdabə, həm də üst qülləsi planda kvadrat biçimlidir. Sərdabənin ortasında dördbucaqlı sütun qoyulmuş, sütunla sərdabənin bucaqlı sivri profilli tağla birləşdirilərək möhkəm göbələkvari konstruktiv sistem yaradılmışdır. Şərq tərəfdə daş kürsülükdə açılmış kiçik qapı gözündən sərdabənin içinə düşmək olur.

Türbənin yerüstü kərpic gövdəsi kubvari tutumlu olub, daş kürsü üzərində ucalır. İri daşlarla üzlənmiş kürsü kərpic gövdəni rütubətdən qorumaqla onun daha monumental görünməsinə səbəb olur. Gövdənin şimal divarı ortasında düzbucaqlı qapı gözü olan iri baştağ şəklində işlənmişdir. Qalan üç divarın isə hər birində (həm içəridə, həm də bayırda) qoşa sivri tağça qurulmuşdur. Belə bölgü türbənin görünüş ucalığını gücləndirir. Türbənin bayır künclərini qapayan silindrik qülləciklər – kərpic sütunlar da, əsasən, bədii kompozisiya rolu oynayır. Kərpic gövdənin kubvari biçimi yuxarıda piramidal tutumlarla səkkizüzlü boyuna çevrilir. Vaxtilə bu boyun üzərində piramida biçimli bayır günbəz ucalırmış. Türbənin şimal baş fasadı daha zəngin bəzədilmişdir. Firuzeyi rəngli kaşılı kərpiclər baş fasadın naxış kompozisiyasını xeyli zənginləşdirmişdir. Ancaq bu türbənin bişmiş kərpicdən ucaldılmış qırmızımtıl koloritinə hiss olunacaq təsir göstərməmişdir. Türbənin adını da məhz inşa zamanı istifadə edilmiş kərpic üzlüyün rəngi müəyyənləşdirmişdir.

Related Articles

Bir cavab yazın

Back to top button