Azərbaycan

Elmlər Akademiyası Qarabağda neft və qaz ehtiyatları olduğunu açıqlayıb

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin karbohidrogen ehtiyatları 200 milyon ton neft və 250 milyard kubmetr qaz həcmində qiymətləndirilir. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyev məlumat verib.

Akademiyanın Rəyasət Heyətinin dekabrın 11-də keçirilən iclasında “Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə dair elmi tədqiqat işləri ilə bağlı AMEA-nın vəzifələri haqqında Tədbirlər Planı” müzakirə olunaraq qəbul edilib.

“İşğaldan azad edilmiş ərazilərdə ehtiyatı 200 mln. ton neft və 250 mlrd. kubmetr qaz yataqlarının işlənilməsi və emalı üçün yerli xüsusiyyətlər nəzərə alınmaqla təkliflərin hazırlanması AMEA-nın başlıca hədəflərindəndir”, – Mehdiyev Rəyasət Heyətinin iclasında bildirib. Akademiyanın saytında Mehdiyevin sözlərindən sitat gətirilir.

AMEA-nın prezidenti qeyd edib ki, Plan 250-dən artıq bənddən ibarətdir və 2021-2025-ci illəri əhatə edir.

Mehdiyevin sözlərinə görə, həmçinin Plana Xocalıda “Xocalı soyqırımı” muzeyinin yaradılması, Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin vaxtilə Şuşa şəhərində fəaliyyət göstərən Xurşidbanu Natəvan adına Qarabağ filialının bərpası və Şuşada Milli Azərbaycan Tarixi Muzeyinin Qarabağ tarixi filialının açılması daxildir.

“Həmçinin, Plan Qarabağ Geoloji Fondu Muzeyinin yaradılması, Azıx mağarası bölgəsində turizmin təşkili üçün infrastrukturun hazırlanması, işğaldan azad edilmiş ərazilərdə Azərbaycanın “Qırmızı kitab”ının hazırlanması ilə bağlı tədqiqatların aparılması, qoruq və yasaqlıqların bərpası üzrə təkliflərin hazırlanaraq müvafiq qurumlara təqdim edilməsi, Nəbatat Bağının yaradılmasını nəzərdə tutur”, – Mehdiyev deyib.

Akademikin sözlərinə görə, Planda əsas hədəflər qismində həmçinin, Sərsəng su anbarının istismarında etibarlılıq göstəricilərinin qiymətləndirilməsi, Xudafərin körpüsünün yanında seysmoakustik stansiyanın yaradılması, Dağlıq Qarabağda astronomik stansiyanın qurulması, Elektron Qarabağ konsepsiyasının işlənilməsi və reallaşdırılması, AMEA-nın Regional Şuşa Elmi Mərkəzinin yaradılmsı yer alıb.

Related Articles

Bir cavab yazın

Back to top button