İran

Son 5 ildə İranda 135 min azyaşlı qız uşağı məcburi evləndirilib

İran Statistika Mərkəzinin verdiyi məlumat öncəki illlərə nisbətdə azyaşlıların evləndirilməsinin çoxaldığını göstərir.

İran Statistika Mərkəzinin verdiyi son məlumat öncəki illlərə nisbətdə azyaşlıların evləndirilməsinin çoxaldığını və on minlərlə uşağın məcburi nikaha cəlb edildiyini göstərir.

Statistika Mərkəzinin açıqladığı rəsmi rəqəmlərə görə, son 5 il ərzində İranda 131 min 15-dən az yaşı olan qız uşağı evləndirilib, ötən il isə daha 7500 azyaşlı qız uşağı məcburi nikaha cəlb edilib.

Martın 29-da yayılan statistikada 5 il müddətində hər il ortalama 30 min azyaşlı qızın erkən nikaha cəlb edildiyi, eyni müddət ərzində 123 min 15-dən az yaşı olan oğlan uşaqlarının evləndirildiyi qeyd olunub.

Statistika Mərkəzinin bundann öncəki il verdiyi məlumatda 10-14 yaş arası qız uşaqlarının erkən nikaha cəlb olunması hallarının 10.1% artdığı bildirilmişdir.

Məlumatda 2021-ci ilin mart ayından 2022-ci ilin mart ayına qədər bir il müddətində 10-14 yaş arası qız uşaqlarının 791 nəfərinin ana olduqları göstərilib.

İranın ali rəhbəri Əli Xaməneyi tərəfindən vurğulanan ölkədə nikah siyasətinin təşviqi və doğuş nisbətinin artırılması ilə eyni zamanda, son illərdə qızlar üçün nikah yaşının azaldılması, ailələrin evlilik şərtlərini asanlaşdırmağa həvəsləndirilməsi istiqamətində bir sıra millət vəkilləri və  İbrahim Rəisi hökumətinin üzvləri, mədəni-maarif müəssisələrinin məmurları tərəfindən qızların erkən yaşda evləndirilməsi təbliğ olunur.

Bununla yanaşı İran hökumətinin bəzi rəsmiləri uşaq nikahı fenomenini inkar edir və 13 yaşın evlilik üçün ən uyğun yaş olduğunu iddia edirlər.

Məsələ ilə bağlı mediaya açıqlama verən İran parlamentinin Hüquq və Məhkəmə Komissiyasının başçısı Həsən Nuri 13 yaşlı qızların evləndirilmsinin lazım olduğunu və yalnız 9-10 yaşlı qız uşaqlarının nikaha cəlb edilməsinə erkən nikah adı verilə biləcəyini deyib.

Bundan öncə bir sıra insan haqları təşkilatlarının səyləri nəticəsində evlənmə yaşının qızlar üçün 16, oğlanlar üçün isə 18 yaşı nəzərdə tutduğu qanun layihəsinin  ölkə parlamentinə təqdim olunmasına baxmayaraq, din xadimlərinin müxalifətinə görə layihə müzakirəyə belə çıxarılmadı.

Mollalar özəlliklə qızların az yaşda evləndirilməsini islam qanunlarına uyğun hesab edir və erkən niahın cəmiyyətdə əxlaqsızlığn qarşısını aldığını iddia edirlər.

BMT-nin İnsan Haqları Şurasının İran üzrə xüsusi məruzəçisi məsələ ilə bağlı açıqladığı hesabatda İranda erkən nikah sayının nigəranedici səviyyədə olduğunu və İran hökumətinin qız uşaqları və qadınlara qarşı davranışlarında təcili islahata ehtiyac duyulduğunu bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button