İran

İranda şovinistlər Təbriz üzərindən Azərbaycan və Türkiyəyə qarşı təbliğatı gücləndirib

Məlum olduğu kimi, iki gün öncə İrandan İraqın Ərbil şəhərinə raket atılıb. İran mətbuatı İraqın Ərbil şəhərinə edilən raket hücumunun Təbrizdən atıldığını xüsusi vurğulayır.

“Aznews tv”xəbər verir ki, fars şovinistləri bundan Azərbaycan və Türkiyəyə qarşı təbliğat vasitəsi kimi istifadə etməyə başlayıb. Tehranda nəşr edilən “Vətən-e Emruz” qəzeti Türkiyə XİN-in Ərbilə raket hücumunu pisləyən bəyanatına toxunub.

Qəzet “Türkiyə Xarici İşlər Nazirliyi İranın Mossad-a qarşı qısas hücumunu qəbuledilməz hesab edib” yazıb. Nəşr “Təbrizdən açılan atəş Ərdoğanı titrətdi” başlığı ilə verdiyi məlumatda, Təbrizdən buraxılan raketlərin Türkiyə və Azərbaycan respublikaları üçün “mesaj” olduğunu iddia edib.

SEPAH-a bağlı “Mashregnews” qəzeti də “Raketlərin Kermanşahdan deyil, Təbrizdən buraxılması yetərincə açıq mesaj verə bildi, yoxsa izah edək?” başlıqlı xəbərə Azərbaycan Prezidenti İlham Əliyevin Füzuli rayonunda İsrail istehsalı olan “Harop” pilotsuz uçuş aparatı ilə çəkdirdiyi fotosunu və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İsrail prezidenti ilə çəkdirdiyi fotonu əlavə edib.

Qeyd edək ki, bazar günü gecə saatlarında İraqın şimalındakı Ərbil şəhərinə raket zərbələri endirilib və “Fateh-110” balistik raketlərinin Təbrizin ətrafında yerləşən raket buraxılış bazalarından birindən atıldığı iddia olunur.

Related Articles

Bir cavab yazın

Back to top button