AzərbaycanİranMəqalələr

Tarixi məqalə: Qulamhüseyn Beqdeli (1919-1998)

Qulamhüseyn Beqdeli 1919-cu ildə Tehranda anadan olmuşdur. Burada orta və ali hərbi məktəbləri bitirmiş, İran şah ordusunun zabiti olmuşdur.

İran Xalq Partiyasına daxil olan Beqdeli siyasi fəaliyyətinə görə həbs edilərək Kirmana göndərilmişdir. O, 6 aylıq sürgündən qayıtdıqdan sonra Güney Azərbaycanda demokratik hərəkata qoşulub, azadlıq ordusu tərkibində kapitan rütbəsinədək yüksəlmişdir.

Qulamhüseyn Beqdeli Demokratik hərəkatın süqutundan sonra, 1946-cı ildən ailəlikcə siyasi mühacir kimi Quzey Azərbaycana köçmüşdür. O, 1947-ci ildə Bakı Ali Partiya məktəbinə daxil olmuşdur, sonradan isə sovet təhlükəsizlik orqanlarının uydurduğu saxta ittihamla həbsə alınmış, 10 il azadlıqdan məhrum edilərək Uzaq Şərqə, Kobmaya sürgün edilmişdir. Lakin 7 ildən sonra ona bəraət verilmişdir.

Təhsilini davam etdirən Qulamhüseyn Beqdeli Azərbaycan SSR EA Nizami adına Ədəbiyyat İnstitutunda böyük elmi işçi vəzifəsində çalışmışdır (1958-ci ildən). Beqdelinin 1979-cu il İran İslam inqilabından sonra Həmid Nitqi, Məhəmmədəli Fərzanə, Kərim Məşrutəçi (Sönməz), Mənzuri Xamneyi, Səməd Sərdarniya, Həsən Məcidzadə Savalan və Tehranda nəşr olunan “Varlıq” jurnalının təsisçisi Cavad Heyət ilə birlikdə həmin jurnalın işıq üzü görməsində böyük rolu olmuşdur.

Qulamhüseyn Beqdeli daha çox klassik Azərbaycan ədəbiyyatının tədqiqatçısı kimi tanınmışdır. Nizami Gəncəvinin, Qətran Təbrizinin, Marağalı Əvhədinin, Əlişir Nəvainin əsərlərini tərcümə etmişdir. O, Məhəmmədhüseyn Şəhriyar poeziyasının ilk tədqiqatçı və təbliğatçılarından biridir.

Qulamhüseyn Beqdeli 1998-ci ilin avqust ayının 16-da Kərəc şəhərində (Tehranın 20 kilometr qərbində) vəfat etmişdir.

 

Related Articles

Bir cavab yazın

Back to top button