Azərbaycanİran

Bütövlük simvolu Şah İsmayıl Xətainin doğum günüdür

İyulun 17-si Azərbaycan Səfəvilər dövlətinin banisi Şah İsmayıl Xətainin doğum günüdür. Görkəmli sərkərdə və şair 1487-ci ilin bu günü Ərdəbil şəhərində dünyaya göz açıb.

Azərbaycan tarixinə adını qızıl hərflərlə yazdıran bu şəxsiyyətin yaratdığı Səfəvilər dövləti 1736-cı ilə qədər mövcud olub.
Bədii əsərlərini “Xətai” təxəllüsü ilə yazıb. Bununla əlaqədar Şah İsmayıl Xətai olaraq da tanınır.

Bir sıra yerli və əcnəbi alimlər Səfəvi əcdadlarının türk mənşəli olduqlarını təkzibedilməz dəlillərlə təsbit ediblər.

V.V.Bartold Səfəvilər sülaləsinin türkmənşəli olduğunu qeyd edərək yazırdı ki, “Ərdəbil şeyxləri, şübhəsiz, fars mənşəli deyil, Türk mənşəli idilər”.

İ.P.Petruşevski də analoji fikirdə olub, Səfəvilər sülaləsinin əslən Cənubi Azərbaycandan, Ərdəbildən olduğunu, Səfəviyyə sufi-dərviş təriqətinin irsi şeyxləri olduğunu yazırdı və əlavə edirdi ki, “ilk Səfəvi şeyxləri Ərdəbildə yaşayırdı, onların doğma dili Azərbaycan dili idi”.

Şah İsmayıl Xətai 1487-ci il iyulun 17-də nüfuzlu azərbaycanlı ailəsində anadan olmuşdu. O, ata tərəfdən Şeyx Səfiəddin nəslindən idi. Şah İsmayılın atası Şeyx Heydər, babası Şeyx Cüneyd olmuşdur. Onun anası Aləmşah bəyim Ağqoyunlu hökmdarı Uzun Həsənin qızı, Sultan Yaqubun bacısı idi.

9 iyul 1488-ci ildə Tabasaranda Şirvanşah qoşunu ilə döyüşdə qızılbaşlar məğlub oldu. Şeyx Heydər isə öldürüldü.

Ölümündən sonra, Sultan Yaqub tərəfindən İsmayıl, anası və qardaşları Sultan Əli və İbrahim ilə birlikdə əvvəl erməni monastırı Akdamar qalasında, sonra Şiraz yaxınlığındakı İstəxr qalasında həbs olundu və 5 il burada saxlanıldı.

Şah İsmayıl Səfəvi Xətai – 14 yaşında hakimiyyətə gələn, 14 ilə 14 eli birləşdirərək, vahid və indiyə qədər ən böyük Azərbaycan dövləti – Səfəvi dövlətini yaradan bir şəxsiyyətdir.

Şah İsmayıl Səfəvi Xətai – ilk dəfə türk dilini rəsmi dövlət dili elan edən dövlət başçısıdır.

Şah İsmayıl Səfəvi Xətai – ilk dəfə türk dilində heca vəznində şeir yazan şairdir.

Onun türk dilində yazdığı gözəl şeirlər meydana gəldikdə şeiriyyata öz damğasını vurmuş fars dili ikinci plana keçdi. Məhz onun başlatdığı ənənə nəticəsində Mühəmməd Füzuli kimi dahi yetişib.

Şah İsmayıl Səfəvi Xətai – ilk dəfə güləşi döşək üzərinə gətirən pəhləvan idi. Onun vaxtında zorxanalar, yəni güləş məşq zalları açılmışdır və Azərbaycana xas bu idman növü geniş yayılıb.

Şah İsmayıl Səfəvi Xətai – dahi strateq idi. Öz qoşunlarını aypara şəklində düzərdi. Bu düzülüş zəif mərkəzə və güclü cinahlara malikdir. Düşmən zəif mərkəzi əzməklə məşğul olduğu zaman, güclü cinahlar düşməni əhatə edir, qoşunu mühasirəyə alıb darmadağın edirdi.

Şah İsmayıl Səfəvi Xətai – bir fateh idi. Tarixi Azərbaycan torpaqlarını: Şimali Ağqoyunlu və Şirvanşahlar dövlətini, Cənubi Ağqoyunlu dövlətini və Qaraqoyunlu dövlətini birləşdirərək, Vahid Azərbaycan dövləti olan Səfəvilər dövlətinin banisidir.

Tariximizdə o taylı bu taylı Azərbaycanı birləşdirmiş hökmdar kimi qalmış Şah İsmayıl Xətai 23 may 1524-cü ildə vəfat edib.

Hazırda Azərbaycan paytaxtının rayonlarından biri sərkərdə-şairin adını daşıyır.

Şahın əzəmətli abidəsi isə Bakının ən görməli yerlərindən birini bəzəyir.

Related Articles

Bir cavab yazın

Back to top button