İran

Meysəm Colani və Əli Xeyrcunun həbs hökmü təsdiqlənib

Ərdəbilin Təcdidenəzər Məhkəməsi milli, mədəni fəallar Meysəm Colani və Əli Xeyrcu barəsində ilkin məhkəmənin çıxardığı həbs və şallaq hökmünü təyid edib. Bu barədə fəallara məhkəmənin elektron sistemi vasitəsilə bildiriş göndərilib. Bildirişdə 23 azər 1399-cu ildə Ərdəbil keyfəri Məhkəməsinin 110-cü şöbə qazisinin çıxardığı 4 ay həbs və 20 şallaq cəzasının təsdiqləndiyi yazılıb. Azərbaycanlı fəallar “hay-küy salmaqla ictimai nəzmi pozmaq” ittihamı ilə təqsirləndiriliblər. Ərdəbil əyaləti Təcdidenəzər Məhkəməsinin 10-cu şöbəsinin qaziləri Sasan Balaxani və İbrahim Müvəqqer fəalların pərvəndəsinə yenidən baxıldığını, onların ilkin məhkəmə tərəfindən çıxarılan hökm barədə şikayətlərinin əsassız olduğunu bildiriblər. Qazilər fəalların cəzalarının İslam Cəza Qanununun 46, 47, 52 və 54-cü maddələrinə istinadən təyid edildiyini söyləyiblər. Fəalların mücrüm olmaq şərti ilə cəzalarının bir il müddətinə təliq olunduğu açıqlanıb. Xatırladaq ki, Əli Xeyrcu və Meysəm Colani İranın əmniyət qüvvələri tərəfindən keçən ilin mehrin 10-da evlərində tutuqlanıblar. Fəlların hər biri 300 milyon tümənlik vəsiqə qarşılığında məhkəmə araşdırması bitənə qədər Ərdəbilin Şam Əsbi zindanından müvəqqəti azad ediliblər. Həbs edildikləri zaman fəalların hər biri üç ayrı ittihamla günahlandırılıblar. Qalan iki ittihama baxılması üçün İnqilab Məhkəməsinə göndərilib. Bildirək ki, Meysəm Colani ilə Əli Xeyrcu 10 mehr 1399-cu ildə milli fəalların Azərbaycan Ordusuna dəstək mitinqinə qatılıblar. Belə ki, milli fəallar Qarabağa dəstək üçün dinc mitinqə çağırış ediblər. Bundan sonra İranın əmniyət və polis qüvvələri Güney Azərbaycan şəhərlərinin əsas meydanlarına yeridilib.
Onlar Urmu, Təbriz, Zəngan, Ərdəbil və Tehranda bir çox fəalı heç bir məhkəmə hökmü olmadan tutuqlayıblar.
1399-cu ilin tir ayında Tehran, Təbriz, Urmu şəhərlərində keçirilən oxşar mitinqlərdə bir sıra fəallar və vətəndaşlar həbs olunub. Fəallar bir çoxu vəsiqə qarşılığında müvəqqəti azad edilib. Vurğulayaq ki, İkinci Qarabağ savaşı zamanı İran təhlükəsizlik qüvvələri Azərbaycan Ordusuna göstərilən dəstəkləri amansızlıqla yatırıb. Yüzlərlə türk fəala işgəncə verilib.

Related Articles

Bir cavab yazın

Back to top button