İran

Nasir Xulusi barəsində bəraət hökmü çıxarılıb

Azərbaycanlı fəal Nasir Xulusinin məhkəmə hökmlərinə etirazı ilə bağlı yeni dadnamələr çıxarılıb. Şərqi Azərbaycanın Təcdidenəzər Məhkəməsinin 1 və 36 saylı şöbələri fəala qarşı irəli sürülən ittihamları rədd edib. Belə ki, məhkəmənin 1 saylı şöbəsi fəalın “İran rejiminə qarşı Azərbaycanın müstəqil müxalif qrupuna üzv olmaq” ittihamı ilə bağlı 6 aylıq həbs cəzasını ləğv edib. Bundan başqa, məhkəmənin 36-cı şöbəsi “ictimai şəbəkələrdə yalan xəbərlər yaymaq” ittihamı ilə təqsirləndirilən Nasir Xulusiyə qarşı 20 milyon rial cərimə ilə bağlı ilkin rəyi əsassız sayıb.
Qeyd edək ki, Nasir Xulusi 23 azər 1398-ci ildə Təbriz şəhərində tutuqlanıb. Fəal təhqiqat başa çatana qədər 7 isfənddə Təbriz mərkəzi zindanından azad edilib.
Bundan öncə o, 5 bəhmən 1395-ci ildə Urmudan Təbrizə gedərkən Sipahın İttilaat İdarəsi tərəfindən saxlanılıb və 500 milyon tümən vəsiqə qarşılığında müvəqqəti azad edilib.
Azərbaycanlı fəal 1396-cı ilin tir ayında “rejimə qarşı təbliğat və milli əmniyyəti pozmaq” ittihamı ilə 6 il həbs cəzasına məhkum edilib. Təcdidenəzər şikayəti ilə onun məhkumluğu bir il həbs cəzasına endirilib. Nasir Xulusi həmin ilin aban ayında Təbrizdə tutuqlanaraq mərkəzi zindana aparılıb.
Fəal təxminən 4 ay həbsdən sonra 26 bəhmən 1396-cı ildə Təbrizin mərkəzi zindanından azad olunub.

Related Articles

Bir cavab yazın

Back to top button