Azərbaycanİran

İrandakı etirazlar rejim dəyişikliyini yaxınlaşdırır – cənub qonşumuzla bağlı ilginc proqnozlar

İranda etirazlar yeni mərhələyə keçib. İranın bir neçə şəhərində mağaza sahibləri ölkənin cənubundakı Zahedanda etiraz zamanı öldürülən 100-dək insanın 40 mərasimi münasibəti ilə tətilə başlayıblar.

Sentyabrın 30-da Zahedan şəhərində iğtişaşçılar polis məntəqələrinə hücum etmişdi. Təhlükəsizlik qüvvələri buna cavab olaraq məsciddə cümə namazı qılanları atəşə tutmuşdu. Bu hadisədə azı 96 nəfərin öldüyü və 300-dək adamın yaralandığı xəbər verilib. Onlar 22 yaşlı Məhsa Əmininin polis bölməsində öldürülməsinə və iddia olunduğuna görə 15 yaşlı qızın yerli polis rəisi tərəfindən zorlanmasına etiraz edirdilər.

İranlı araşdırmaçı jurnalist Elyar Kamrani Globalinfo-ya açıqlaması zamanı bildirib ki, İranda 43 ildir davam edən ədalətsizlik getdikcə artır:

“Müxtəlif dövrlərdə bu etirazlar edam və həbslərlə müşayiət olunub. Totalitar və ya diktator rejimə malik olan İranda qanun əsas deyil və hər şey Xameneidən asılıdır. İranda yaşayan hər kəs bilir ki, parlament, icraedici orqanlar, məhkəmə sistemi formal xarakter daşıyır. İranın dünyaya terror, narkotik maddə yaymaqdan başqa əlindən bir iş gəlmir. Xarici siyasətini həm də region və qonşu dövlətlərdə olan terror qrupları vasitəsilə həyata keçirir. Dövlət qapalı olduğu üçün vətəndaşlar iqtisadi çətinliklərlə üzləşirlər. Etirazlar qadınların, uşaqların, cavanların iştirakı ilə başlasa da sonradan ona əhalinin müxtəlif təbəqələri qatıldı. Onlar gecə-gündüz etirazlarına davam edirlər. Hər bölgənin etirazları özünəməxsusluğu ilə seçilir”.

E.Kamraninin sözlərinə görə, etirazlar nəticəsində Güney azərbaycanlılar illər boyu uğrunda mübarizə apardıqları milli hökuməti əldə edəcək:

“Bu etirazları rahat şəkildə nəzarətdə saxlamaq mümkün olmayacaq. Hakimiyyət edamlarla, ağır cəzalar kəsməklə, hədə-qorxu gəlməklə onu yatırmağa çalışır, amma aksiyalar daha da genişlənir. İran artıq keçmiş vəziyyətinə qayıda bilməyəcək, getdikcə zəifləyəcək və xalq öz istəyinə çatacaq. Etirazlar rejimin hakimiyyətdən getməsi və yeni bir demokratik sistemin qurulması ilə nəticələnəcək”.

 

 

Politoloq Zaur Məmmədov Globalinfo.az-a bildirib ki, uzun müddət idi ki, ayrı-ayrı sosial qrupların siyasi hakimiyyətə qarşı etirazları sezilirdi:

“Bu etirazlar müxtəlif şəhərlərdə, ələlxüsus İranın cənub şəhələrində baş verirdi. Bu dəfəki etirazlar daha davamlı və prinsipial olması ilə fərqlənir. İnsanlar təkcə küçələrdə nümayişlər etmir, hətta sənətçilər ararasında da etirazlara qoşulanlar var. Bunun da səbəbi aydındır. İran xalqı qapalı həyat obrazında onlara edilən təzyiqlərdən bezib. Əgər bir ölkədə minlərlə insan ölüm hökmünə məruz qalırsa, orada etnik mənsubiyyətindən, demoqrafik və sosial qrupundan asılı olmayaraq insanlar artıq öz etirazlarını bildirəcək. Bu kontekstdən yanaşdıqda İrandakı hadisələrin çox davamlı olduğunu görmüş oluruq. Hadisələrin sonunun hansı istiqamət alacağı artıq bəllidir. Təbriz, Ərdəbil və digər Azərbaycan şəhərləri də bu etirazlara qoşulub və proseslərə təsir edirlər. İranda qadınlara qarşı şiddətlə başlayan hadisələr fonunda azərbaycanlılara qarşı da şiddəti davam etdirdilər. Bununla digər etirazçıları və kütlələri öz qarşılarına qoymuş oldular. Azərbaycanlıların öz ana dilində məktəbi yoxdur. İran məntiqində onları nə azlıq, nə çoxluq adlandırmaq olar. Bu hadisələr bir qığılcım idi və ciddi dəyişikliklərə gətirib çıxara bilər”.

Qeyd edək ki, İran İnsan Haqları Təşkilatının noyabrın 8-nə olan məlumatına görə, etiraz aksiyalarından ötən 54 gün ərzində hökumət məmurları 50 nəfəri uşaq olmaqla, 321 şəxsi öldürüblər. Məlumatlara əsasən, aksiyada iştirak edən 14823 nəfər saxlanılıb, onların 428-i tələbədir. 1862 nəfərinin isə kimliyi və harada saxlanıldığı məlum deyil. Bildirilib ki, bu müddət ərzində 136 şəhərdə etirazçılar İranın idarəetmə sisteminə qarşı nümayişlər həyata keçirib. 135 universitetin tələbələri bu nümayişləri dəstəkləyib.

Gülnar Səlimova,

Globalinfo.az

Related Articles

Bir cavab yazın

Back to top button