AzərbaycanDünya

Rəssamlıq məktəbi

Təbrizdə rəsm sənətinin tarixi mağara divarlarına və qayalara çəkilən şəkilləri nəzərə alsaq, çox qədim dövrlərə gedib çıxır. Ancaq müasir rəsmin başlanğıcını xalq hekayələrinin şəkillərində görmək mümkündür.

Qafqazda, Türkiyə və İran kimi ölkələrdə əvvəllər əlyazmalar, daha sonra daşbasma üsulu ilə çap olunan kitablar “Əsli və Kərəm”, “Leyli və Məcnun”, “Fərhad və Şirin” hekayələrindən götürülmüş şəkillərlə bəzədilmişdir. Xalçaçılıqda isə əsrlər boyu rəssamlıqla yanaşı, eyni zamanda toxuculuq da inkişaf etmişdir. Sapla çəkilmiş şəkillər bir növ aşiqlər arasındakı yazılı məktublardır. Rəsm sənəti xalqın irfanından və qabiliyyətindən doğulmuşdur. Xalça və kilimlər də bir rəsm əsəri olaraq xalqın sənət qabiliyyətinin əks olunduğu motivlər sırasında xüsusi yer tutur. Təbriz, Tehran, İsfahan və Bakıdakı mətbəələrin çoxunun təbrizlilər tərəfindən işlədilməsi də rəsmli xalq hekayələri ənənəsinin bu şəhərdə yayılmasını asanlaşdırmışdır.

Təbriz rəssamları hər zaman çoxistiqamətli məlumatlara sahib olmuş, rəsm sənətinin fərqli ölçülərini və metodlarını bütün incəlikləri ilə öyrənmişlər. Xəttatlar və miniatürçülər yazdıqları yazılar və çəkdikləri miniatürlərlə kaşı, xalça və parçalarla yanaşı, abidələri, məscidləri və mədrəsələri də bəzəmişlər. Rəssam Hüseyn Tahirzadə Behzad tərəfindən bəzənən Tehrandakı Gülüstan sarayı bunun bariz nümunəsidir. Herat və Hicaz məktəblərindən gətirilən sənətçilər vasitəsilə Təbriz miniatür məktəbi başqa rəsm anlayışları ilə də tanış olmuş və zənginləşmişdir.

XVI əsrin əvvəllərində Yavuz Sultan Səlim (1470-1520) və Qanuni Sultan Süleymanın (1520-1566) Təbriz səfərləri nəticəsində yüzlərlə memar, rəssam, xalça, parça və kaşı ustaları Bursa və İstanbula aparılmışdır. Yavuz Səlim Təbrizdən gətirdiyi rəssam Şahqulunu baş rəssamlığa təyin etmişdir. Şahqulu və Vəlican kimi təbrizli rəssamlar vasitəsilə Təbriz rəssamlıq üslubu Bursa, İstanbul və digər Osmanlı sənət mərkəzlərinə yayılmışdır.

Hindistandakı Babur dövlətinin hökmdarı Nəsrəddin Humayun Təbriz və Ərdəbildə olduğu zaman Şah Təhmasibdən xahiş edərək bir neçə rəssamı öz ölkəsinə aparmışdır. Onlardan Mir Səid Əli Təbrizi uzun müddət padşahın baş rəssamı olaraq çalışmışdır. Təbrizli rəssam-memar Ağa Mirək Mirzə Qiyas Yeni Dehli şəhərində Humayunun türbəsini tikmişdir. Bütün bunlar Təbriz rəsm sənətinin, dolayısı ilə İran türklərinin sənət gücünü göstərir. XVII əsrin ilk illərində Əli Rza Təbrizi I Şah Abbasın (1587-1629) saray kitabxanasının baş rəssami olmuşdur. “Şehnavaz” olaraq xatırlanan rəssama Şah Abbas öz adını vermiş və daha sonra rəssam Rza Abbasi olaraq məşhurlaşmışdır. İsfahandakı Şah məscidinin (Lütfullah məscidinin) və Əliqapı sarayının rəssamı və xəttatı Rza Abbasi olmuşdur. Yenə İsfahandakı bir çox memarlıq əsərlərinin inşasında təbrizli memar və rəssamların böyük xidmətləri olmuşdur.

#Tarix

Related Articles

Bir cavab yazın

Back to top button