İran

“Nüvə macəraçılığını dayandır və danışıqlar masasına qayıt”-Avropa dövlətlərindən İrana xəbərdarlıq

Avropanın üç aparıcı dövləti, Almaniya, Fransa və Britaniya birgə bəyanat yayıb.

Avropa dövlətləri İranı nüvə macəraçılığına, yeni qabaqcıl sentrifuqaların quraşdırılmasına və nüvə danışıqlarının şəffaflığını zədələyən hərəkətlərə son qoymağa çağırıblar.

“İranın bu hərəkətləri vəziyyəti çətinləşdirəcək və nüvə danışıqlarının dirçəldilməsi cəhdlərinin qarşısını alacaq”-deyə, bəyanatda qeyd olunub.

Avropa dövlətləri İranın yeni tələblər irəli sürməsinin problemi dahada mürəkkəbləşdirdiyini, yaranan diplomatik fürsətlərdən istifadə etməyə meyilli olmadığını yazıblar.

“Biz, Fransa, Almaniya və Böyük Britaniya hökumətləri, digər tərəfdaşlarla (Rusiya və Çin), eləcə də ABŞ-la birlikdə 2021-ci ilin aprelindən nüvə danışıqlarını  canlandırmaq üçün İranla xoş niyyətlə danışıqlar aparırıq.

2022-ci ilin mart ayından etibarən İranı nüvə danışıqları və Amerika ilə saziş üzrə öhdəliklərinə qaytarmağa yönəlik anlaşma masa üzərindədir.

Ancaq İran yeni tələblər irəli sürərək, razılaşma əldə etmək üçün diplomatik fürsətdən istifadə etmədi. Bununla belə, biz yenə də onlardan öhdəliklərə əməl etmələrini tələb edirik və razılaşmanı başa çatdırmağa hazırıq”-deyə, birgə bəyanatda bildirilib.

Bununla yanaşı Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossi İranın nüvə təsisatlarında müşahidə kameralarının fəaliyyətinə son vermək istəyinə reaksiya verib.

O bildirib ki, İran bu barədə MAQATE-nın Qəyyumlar Şurasına məlumat verərək agentliyə məxsus 27 müşahidə kamerasını öz nüvə obyektlərindən çıxarmaq istədiyini bildirib.

Qrossi əlavə edib ki, İran agentliyin nəzarət imkanlarını kifayət qədər zəiflədib.

O, sonda vurğulayıb ki, əgər mövcud vəziyyət 4 həftə də davam edərsə, 2015-ci ildə əldə edilmiş atom razılaşmasına ölümcül zərbə dəyəcək.

Qeyd edək ki, 35 ölkəni təmsil edən Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) üç açıqlanmayan bazada nüvə fəaliyyəti ilə bağlı məlumatı təqdim etmədiyinə görə İran hökumətini tənqid edən qətnamə qəbul edib.

Qətnamənin xəbəri hələ dərc edilmədən öncə, İran Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlıq tələbinə qarşı addım atıb.
Tehran nümayişkaranə şəkldə Beynəlxalq Atom Enerjisi Agentliyinin iki əlavə müşahidə kamerasının bağlandığını bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button