AzərbaycanBölgəDünyaSiyasət

Sivil, demokratik inteqrasiya prosesi: türk dövlətləri nümunə göstərir

Ekspertlər Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Bakı Zirvə Görüşünün çox uğurlu keçdiyini vurğulayırlar. Tədbirdə iştirak edən dövlət və hökumət başçıları çox maraqlı fikirlər səsləndiriblər.

Aznews.tv Newtimes.az-a istinadən xəbər verir ki, eyni soy-kökə malik xalqların əməkdaşlığının daha optimal inkişaf modelinin yaradılması ilə bağlı əhəmiyyətli fikir mübadiləsi aparılıb. Türk Şurasının indiyə qədər əldə etdiyi nailiyyətlərə kölgə salmadan inteqrasiya tendensiyasını daha perspektivli bir formaya salmaqla bağlı ortaq fikrə gəlinib. Həmin istiqamətdə konkret təkliflər irəli sürülüb. Toplantı iştirakçıları türk dövlətlərinin əməkdaşlığının tarixi perspektivini xüsusi vurğulayıb, növbəti mərhələ ilə bağlı fikirlər söyləyiblər. Bu kontekstdə Zirvə Görüşünün geosiyasi əhəmiyyəti üzərində geniş dayanmağa böyük ehtiyac vardır.

Müasir mərhələdə əməkdaşlıq perspektivləri: türkdilli xalqların tarixi şansı

Hazırkı tarixi mərhələdə fərqli inteqrativ təşkilatların rolu artır. Bu, ümumilikdə, bəşəriyyətdə gedən qloballaşma prosesinin ruhuna və məntiqinə uyğundur. Lakin təcrübə göstərir ki, birləşdirici məqsədlə yaradılan təşkilatların heç də hamısı davamlı olmur və tarixin səhnəsindən silinir. Burada əsas inteqrasiya funksiyasını yerinə yetirməli olan ideyadır. İdeya doğru və əsaslı olduqda, təşkilat yaşayır. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının təcrübəsi göstərir ki, türk birliyi ideyası əsaslı və tarixi baxımdan zəruridir. Həmin tezis oktyabrın 15-də Bakıda Türk Şurasının VII Zirvə Görüşündə də tam olaraq öz təsdiqini tapdı.

Ekspertlər bu sammiti tarixi adlandırmaqda haqlıdırlar. Bakıda alınan qərarlar, qarşıya qoyulan vəzifələr, müəyyənləşdirilən məqsədlər doğrudan da geniş bir coğrafiyanın geosiyasi, iqtisadi və mədəni gələcəyi baxımından tarixi məna daşıyır. Türk dövlətləri ilk dəfə olaraq daha geniş miqyasda qarşılıqlı əlaqələrinə, əməkdaşlığın perspektivinə nəzər sala bildilər. Azərbaycanın evsahibliyi etdiyi bu tədbirdə qlobal, regional və milli səviyyələrdə bir-birini tamamlayan vəzifələr qarşıya qoyuldu.

Tədbirdə nitq söyləyən Azərbaycan Prezidenti İlham Əliyev VII Zirvə Görüşünün Naxçıvan sazişinin 10-cu ildönümünə təsadüf etdiyini vurğulayıb. Keçən müddətdə Azərbaycan türk dövlətlərinin əməkdaşlığının dərinləşməsi üçün maksimum səy göstərib. Dövlət başçısı vurğulayıb: “Bizi birləşdirən ortaq soy-kök, tarix, mədəniyyət və milli dəyərlər qarşılıqlı səmərəli fəaliyyətimiz üçün mühüm əsasdır. Türkdilli dövlətlər arasında əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir”.

Dövlət başçısı tarixi türk coğrafiyasının vəhdətini nəzərdə tutaraq indi də bu məsələnin aktual olduğunu ifadə edib. Bu baxımdan 2009-cu il Naxçıvan Zirvə Görüşünə çox maraqlı bir məna verib. İlham Əliyev vurğulayıb: “2009-cu ilin oktyabrında dövlət başçılarının Azərbaycanın qədim şəhəri Naxçıvanda keçirilmiş Zirvə Görüşündə ölkələrimiz arasında əməkdaşlığın təsisatlanmış yeni formatı yaradıldı. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan bölgəsi arasında Zəngəzur yerləşir. Vaxtilə Zəngəzur bölgəsinin Azərbaycandan alınıb Ermənistana birləşdirilməsi böyük türk dünyasını coğrafi baxımdan parçaladı. Ancaq Naxçıvanda qəbul etdiyimiz qərarlarla və birgə işimizlə biz türk dünyasının birliyini daha da gücləndirdik və qardaşlığımızı davam etdiririk. Bu mənada Türk Şurasının yaradılmasına dair qərarın məhz Naxçıvanda keçirilmiş Zirvə Görüşündə qəbul edilməsi türk dünyası üçün böyük rəmzi əhəmiyyətə də malikdir”.

Bu fikirlərdə dərin məna vardır. Azərbaycan Prezidenti Zəngəzurun Ermənistana verilməsinin tarixi aspektdə türk coğrafiyasını parçalamaq məqsədi daşıdığını ifadə edir. Bu, ümumiyyətlə, türk xalqlarının qarşılıqlı əlaqələrinin inkişafına ciddi zərbə vurdu. Lakin 2009-cu ildə məhz Naxçıvanda türkdilli dövlətlərin əməkdaşlığının inkişafı ilə bağlı tarixi qərarın alınması rəmzi olaraq türk coğrafiyasını birləşdirmək demək idi. Təcrübə göstərdi ki, bu addım olduqca səmərəlidir.

“Bir millət, iki dövlət”dən “Türk baxışı 2040″a: tarixin dərsləri və reallıqlar

Zirvə Görüşündə çıxış edən digər dövlət başçılarının fikirləri də bu tezisi sübut edir. Hətta Türk Şurasının fəxri sədri və türk dünyasının ağsaqqalı seçilən Nursultan Nazarbayev perspektivdə inteqrasiyanı gücləndirə biləcək maraqlı təkliflər verib. Bu aspektdə Qazaxıstanın birinci Prezidenti, elbası N.Nazarbayevin türk dünyasının inteqrasiyası konsepsiyasının hazırlanması, “Türk baxışı 2040” proqramının yaradılması və “türkdilli dövlətlər” ifadəsi əvəzinə perspektivdə “türk dövlətləri” ifadəsinin işlənməsi zəruriliyini xüsusi vurğulaması çox böyük maraq doğurur.

Əslində, bu ideyanın kökündə Ulu öndər Heydər Əliyevin ifadə etdiyi məşhur “Bir millət, iki dövlət” ifadəsi dayanır. Bununla Heydər Əliyev obrazlı və lakonik şəkildə Azərbaycan və Türkiyənin iki türk dövləti olduğunu deyirdi. Yəni burada əsas vurğu eyni soy-kökə malik iki cəmiyyətin dövlət olaraq bir adı daşıdığı əks olunub. Həmin ad “türk dövləti”dir!

Yeri gəlmişkən, onu da vurğulayaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da artıq “Altı dövlət – bir millət” deməyin zamanının gəldiyini ifadə edib. Bu dövlətlər Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistandır. Deməli, Ulu öndər Heydər Əliyevin ilk olaraq ifadə etdiyi “türk dövlətləri” konsepti öz tarixi, siyasi, geosiyasi, iqtisadi və mədəni perspektivini, birləşdiricilik potensialını nümayiş etdirmiş oldu. Təbii ki, bu ideyanı real olaraq inkişaf etdirmək lazımdır. Bu istiqamətdə Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın, elbası, ağsaqqal Nursultan Nazarbayevin atdığı addımlar çox səmərəlidir.

Vurğulanan kontekstdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə konkret sənədlərin qəbul edilməsi və gələcək əməkdaşlıqla bağlı strateji tezislərin müəyyənləşməsi tarixi məzmun kəsb edir. Türkdilli ölkələrin şura formasını inkişaf etdirib, beynəlxalq miqyasda təmsil olunan təşkilata çevrilməsi bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Zirvə Görüşündə təklif edilən BMT və İƏT-lə əlaqələr, həmin təşkilatlarda müşahidəçi statusunun alınması kimi məsələlər əhəmiyyət daşıyır.

Məhz bu kontekstdə Macarıstanın Baş Naziri Viktor Orbanın Avropa İttifaqı-türk dövlətləri əlaqələrinin qurulması ilə bağlı irəli sürdüyü təkliflər də maraq doğurdu. Viktor Orban Macarıstanda əhalinin əksəriyyətinin türk köklü olduğunu vurğuladı. Bu məqamdan çıxış edərək o, Budapeştdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının rəsmi ofisinin yaradılmasını vacib hadisə hesab etdiyini deyib. Həmin ofisin maliyyə xərclərini tam olaraq Macarıstan tərəfi üzərinə götürüb. Bundan başqa, Macarıstan hakimiyyəti Aİ-də vəzifələrə macarların çəkilməsi prosesinə də ciddi önəm verir. Bu proses genişləndikcə türk dövlətlərinin Avropa İttifaqı ilə əlaqələrinin gücləndirilməsi üçün yeni imkanlar meydana gələcək.

Bu, faktiki olaraq, Macarıstanın öz üzərinə tarixi inteqrativ funksiyanı götürdüyünü təsdiq edir. Çünki real olaraq türk dövlətləri Aİ-də obyektiv təmsil oluna biləcəklər ki, bu da qarşılıqlı faydalı əməkdaşlığa yeni təkan verəcək. Ən əsası isə, türk dövlətlərinin təşkilatı qlobal miqyasda özünü təsdiq edəcək.

Bütün bunların Türk Şurasının Bakıda keçirilən Zirvə Görüşünün geosiyasi əhəmiyyətini daha geniş şəkildə dərk etməyə imkan verdiyini deyə bilərik. Hər şeydən öncə, sədrliyin Azərbaycana keçməsinin üstünlüyü vurğulanmalıdır. Çünki Azərbaycan diplomatiyası beynəlxalq təşkilatlarda son dərəcə fəaldır. Bu bağlılıqda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünyaya çatdırılmasında əlavə imkanlar meydana gəlmiş olur. Artıq Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Türkiyənin həyata keçirdiyi “Sülh çeşməsi” əməliyyatına dəstəyini ifadə edib. Eyni zamanda, Zirvə Görüşündə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tezliklə həll edilməsi tələbi qoyulub. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə açıq və konkret fikir söyləyib.

Beləliklə, şübhə yoxdur ki, Türk Şurasının Bakı Sammiti türk xalqları arasında əlaqələrin inkişaf etdirilməsi və dərinləşdirilməsində mühüm rol oynayacaq. Bu, ölkələr arasında əməkdaşlığın yeni üfüqlərini açacaq. O cümlədən “Bir kəmər, bir yol” layihəsində türk dövlətlərinin daha fəal və koordinasiyalı iştirakı üçün imkanlar daha da genişlənəcək. Coğrafi olaraq bu layihənin marşrutu türk dövlətlərinin ərazilərindən keçir.

Bunlardan başqa, türk xalqları arasında mədəni, mənəvi, elmi əlaqələri yeni səviyyəyə yüksəltmək imkanı yaranır. Bu istiqamətdə konkret addımlar atılacağına şübhə yoxdur. Həmin prosesdə Azərbaycan paytaxtının tarixi rolu artıq hamı tərəfindən qəbul edilir.

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button