
Ötən gün Ərdəbil həbsxanasında cəza çəkən azərbaycanlı fəal Abbas Lisaninin Apellyasiya Məhkəməsinin iclası keçirilib. O ilkin instansiyada Ərdəbil İnqilab Məhkəməsi tərəfindən 8 il azadlıqdan məhrumetmə və 2 il sürgün cəzasına məhkum edilib.
“HARANA” saytının məlumatına görə, bazar ertəsi, 16 sentyabr 2019-cu il Ərdəbil həbsxanasında cəza çəkən Abbas Lisaninin Apellyasiya Məhkəməsinin iclası keçirilib.
Məhkəmə iclası dünən səhər Ərdəbil Apellyasiya Məhkəməsində hakim Nasir Utəbatinin sədrliyi və məsləhətçilər Bilal Mozaffari və Mahmud Şahbazzadənin iştirakı ilə keçirilib. Nasir Utəbati daha əvvəl Ərdəbil prokuroru qismində Abbas Lisani barədə iddianamə də çıxarıb.
Bildirilir ki, Abbas Lisani və vəkili Seyid Muhəmməd Rza Fəqihinin də iştirak etdiyi məhkəmə iclasında Ərdəbilin yeni prokuroru Seyid Abdullah Təbatəbayinin Abbas Lisaninin barəsində məhəkəmə işinə yenidən baxılması üçün etirazı irəli sürülüb.
Məhkəmə iclası zamanı Lisani Azərbaycan dilində də müdafiəsini səsləndirərək vurulayıb: “Əgər ədalətli və dürüstsünüzsə, barəmdə çıxarılan qərar və həbsimdə özünüzü haqlı sayırsınızsa, məhkəmənin qapılarını açın və məhkəmə iclasını açıq keçirin ki, xalq özü mühakimə yürütsün”.
27 iyun 2019- cu il tarixdə Abbas Lisaniyə qarşı irəli sürülən ittihamlara baxılması üçün məhkəməsinin son iclası Ərdəbil şəhər İnqilab Məhkəməsinin 1 saylı şöbəsində keçirilib və iyulun 8-də barəsində 8 il müddətinə azadlıqdan məhrum etmə və iki il müddətinə Yəzd şəhərinə sürgün cəzası ona bildirilib.
Ərdəbil İnqilab Məhkəməsinin 1 saylı şöbəsi tərəfindən verilən qərara görə, Abbas Lisani “ölkənin təhlükəsizliyini pozmaq məqsədilə qruplaşma yaratmaq” ittihamı ilə 8 il həbs cəzasına və 2 il Yəzd şəhərinə sürgünə məhkum edilib. Qeyd edək ki, sübuta yetirilməyən bu ittiham daha əvvəl ona izah edilməyib.
Məhkəmə qərarına görə, Abbas Lisani daha əvvəl ittiham aktında irəli sürülən ittihamlardan bəraət alıb.
Xatırladaq ki, Abbas Lesini 15.01.2019-cu il tarixdə Təbriz İnqilab Məhkəməsinin 2 saylı şöbəsində barəsində məhkəmə işinin aparılması və mühakimə qaydasına etiraz etdikdən və işə yenidən baxılmasını tələb etdikdən sonra təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək Ərdəbil həbsxanasına aparılıb.
Qeyd edək ki, ideoloji səbəblərə görə dəfələrlə həbs və məhkum edilən Abbas Lisani sonuncu dəfə iyulun 2-də hər il təşkil olunan “Babək qalası”na yürüşdən bir neçə gün əvvəl daha üç Ərdəbil şəhər sakinləri ilə birlikdə Ərdəbil xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən saxlanılıb və iyulun 11-də 50 milyon tümən dəyərində girov müqabilində sərbəst buraxılıb. Lisani insanları mərasimə dəvət edən bir video yaymışdı.
Aznews.tv