
Aznews.tv “BBC”yə istinadən xəbər verir ki, çərşənbə axşamı günü ABŞ hökuməti, Həmas və tərəfdarları, o cümlədən İran İnqilab Keşikçiləri Korpusunun bir sıra üzvlərinə “geniş spektrli” sanksiyalar tətbiq edib.
ABŞ Maliyyə Nazirliyi yaydığı bəyanatda, yeni sanksiyaların Həmas, Əl-Qaidə və İnqilab Keşikçiləri Korpusu ilə əlaqəli 15 şəxs və qurumu hədəfə aldığını qeyd edib.
ABŞ Maliyyə naziri Steven Manuçin jurnalistlərə açıqlamasında deyib: “Bu tədbirlər terrorçuların ABŞ və müttəfiqlərimizə hücum etmələri üçün lazım olan qaynaqlardan məhrum edilməsinə yönəlib və onlarla əlaqələri davam etdirən xarici maliyyə qurumları buna görə məsuliyyət daşıyacaq”.
Bəyanata əsasən, yeni sanksiyalar ABŞ prezidenti Donald Tramp tərəfindən “Terrorizmə qarşı sanksiyaların modernləşdirilməsi” adlı sərəncam çərçivəsində tətbiq edilir.
Yeni siyahıda yer alan şəxslərdən biri də “İnqilab Keşikçiləri Korpusunun Livandakı Qüds qanadının Fələstin üzrə İdarəsinin rəhbəri” Məhəmməd Səid İzədidir.
Manuçin çərşənbə axşamı ABŞ dövlət katibi Mayk Pompeo ilə keçirdiyi mətbuat konfransında deyib: “Bilirsiniz, biz hər kəsdən daha çox İrana qarşı sanksiya tətbiq etmişik və bunlar yüz faiz öz təsirini göstərir. Deyə bilərəm ki, Xarici işlər naziri Pompeo, mən və Prezident maksimum təzyiq (İrana qarşı) kampaniyası ilə bağlı yekdil fikrə malikik”.
Həmasın Türkiyədəki maliyyə şöbəsinin rəhbəri Zahir Cəbbarin də ABŞ-ın sanksiyalar siyahısında yer alıb.
Aznews.tv