Azərbaycan

Azərbaycan musiqisi festivallara buraxılmır- Təbrizli sənətçi “Tehran mafiyası”nı suçlandırdı

Təbrizli musiqiçi Reza Hüseyni Bəqanam Azərbaycan musiqiçilərinin festivallara qatılmasına törədilən əngəllərdən danışıb.

O, bu işdə “Tehran musiqi mafiyası”nın böyük rol oynadığını bildirib.

“Bu günə kimi Tehran “musiqi mafiyası” Azərbaycan musiqisinin ənənəvi festivallarına qatılmasına imkan verməyib və bu üzdən biz daha çox bölgə festivallarında təmsil olunmuşuq.

Bunun bilərəkdən edildiyini bu sahədə çalışan dost-tanış və məlumatlı adamlarla danışıqlarımda hiss etmişəm”-deyə, təbrizli musiqiçi bildirib.

Azərbaycan musiqisinin hazırkı durumundan danışan Rza Hüseyni bir sıra problemlərin bilərəkdən törədildiyini söyləyib.

O, Təbrizdə mədəni imkanların məhdud olduğunu bildirib, yerli məsulların mədəniyyət sahəsinə diqqət ayırmadığnı, bunun Təbriz kimi tarixi şəhərə yaraşmadığını deyib.

“Məsələ burasındadır ki, biz qısır mədəniyyət səhrasındayıq. Koronavirus epidemiyası başlamazdan əvvəl Təbriz teatrında ayda bir dəfə teatr göstərilirdi. Halbuki şəhər teatrının üç ayrı zalı var və hər gün orada bir neçə teatr səhnələşdirmək olur.

Maraqlıdır ki, bu şəhərdə yalnız bir standart illik konsert proqramı var. Şəhərimizin mədəni vəziyyəti təsvir etdiyim kimidir. Şəhər məsulları Təbrizdə musiqinin ifa olunub-olunmamasına əhəmiyyət vermirlər”-deyə, Rza Hüseyni Bəqanam yerli məsulların da mədəni sahəyə laqeydliyini qınayıb.

O, Təbrizdə məsul qurumlarda ciddi və mütəxəssis mədəniyyət xadiminin olmadığını deyib. Əlavə edib ki, təsadüfən belə bir şəxs əyalətin Mədəniyyət və İrşad İdarəsində olmuş olsa belə onun kölgədə qalmasına çalışılır, aparıcı mövqe tutmasına imkan verilmir.

“Təbrizdə yalnız bir musiqi məktəbi fəaliyyət göstərir.

Orada isə bir nəfər belə rəsmi müəllim işə götürülməyib. Tədris edən müəllimlər müvəqqəti əmək müqaviləsi ilə işləyirlər.

Azərbaycan musiqisi Təbriz Universitetində tədris olunmalıdır. Hələ Azad İslam Universitetininin bu məsələyə qarşı qeyri-adi davranışını demirəm. Adını çəkdiyim Universitet bir neçə ildir musiqiçi olduğum üçün mənim maaşımı kəsib”-deyə, tanınmış musiqiçi bildirib.

Qeyd edək ki, Tehran İncəsənət Universitetində etnomusiqişünaslıq, tərcüməşünaslıq və musiqi üzrə doktorluq dərəcəsinə malikdir və hazırda Təbrizdə çalışır.

Related Articles

Bir cavab yazın

Back to top button