
Avstriyanın paytaxtı Vyanada keçirilən atom anlaşması üzrə danışıqların dayandırılması ilə eyni vaxtda, Amerika razılaşmaya daxil olan üç Avropa ölkəsi ilə birlikdə dekabrın 17-si razılığa gəlmək üçün vaxtın az qaldığı ilə bağlı xəbərdarlıq ediblər.
“Aznews tv” xəbərinə görə, Vyanadakı diplomatlar cümə günü bildiriblər ki, nüvə anlaşmasının bərpası üzrə danışıqların yeddinci mərhələsi İranın istəyi ilə dayandırılıb.
Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sullivan atom razılaşmasının bərpası üzrə Vyanada aparılan danışıqlar prosesindən narazılığını bildirərək, “Avropalı müzakirəçilər vasitəsilə Tehrana lazımi xəbərdarlıqları vermişik” deyib.
Co Bayden hökumətinin milli təhlükəsizlik üzrə müşavirinin sözlərinə görə, Tehranın nüvə proqramı üzrə irəliləyişləri davam edir, lakin atom anlaşmasına qayıtmaq üçün Vyanada aparılan danışıqlar “yaxşı getmir”.
İranın atom razılaşmasının bərpası üzrə danışıqların avropalı koordinatoru Enrike Mora da Vyana danışıqlarının dayandırılmasından sonra bildirib ki, razılığa gəlmək üçün bir neçə ay deyil, cəmi “bir neçə həftə” vaxt qalıb.