Azərbaycan

Avstriya Azərbaycanla uzunmüddətli qaz sazişi bağlamağı təklif edir

Azərbaycan, Əlcəzair və ya Norveç ilə təbii qazın təchizatı üzrə yeni uzunmüddətli sazişin bağlanması qazın dünya bazarında qiymətinin aşağı düşməsinə səbəb olacaq.

Bu barədə Avstriyanın enerji tənzimləyicisi “E-Control”un rəhbəri Volfqanq Urbançiç bildirib.

“Rusiya qəfildən qaz xətlərini kəsərsə, təbii qaz anbarlarının cəmi 12 % dolu olan Avstriya nə vaxta qədər tab gətirə biləcək? Hazırda saxlanc yerlərinin doluluq səviyyəsi təxminən ilin bu vaxtına uyğundur. Amma Rusiya qazı ilə bağlı problemlər yaranarsa, başqa variantları da nəzərdən keçirməliyik. Çünki məqsəd anbarlara gələn qışa yetəcək qədər qaz toplamaqdır”, – V.Urbançiç vurğulayıb.

“E-Control”un rəhbərinin sözlərinə görə, Avstriyada qazdan bir milyon evin isidilməsi, eləcə də elektrik enerjisi üçün istifadə olunur, bu səbəbdən də əsas məqsəd elektrik enerjisinin daimi təchizatıdır, əks halda elektrik enerjisində fasilələr yarana bilər.

“İndi bu həm Avropa, həm də milli səviyyədə məqsəd Rusiya yanacağından asılılığı (Avstriyada istehlak edilən qazın 80 %-i Rusiyadan gəlir – red.) azaltmaq olmalıdır”, – V.Urbançiç söyləyib.

Qeyd olunur ki, Ukraynada münaqişə başlayandan sonra enerji daşıyıcılarının qiymətləri kəskin artıb və Rusiya qazından mərhələli şəkildə imtinanın qiymətlərin daha da “şişməsinə” səbəb olacağı ilə bağlı narahatlıq var.

V.Urbançiçin sözlərinə görə, indi Azərbaycan, Əlcəzair və ya Norveç kimi digər qaz təchizatçıları ilə yeni uzunmüddətli müqavilələr imzalana bilər: “Əminəm ki, o zaman qiymətlə bağlı vəziyyət normallaşacaq və qazın qiyməti aşağı düşəcək”.

O, Milli Şuranın qazın “strateji ehtiyatları”nın yaradılması ilə bağlı qərarını düzgün hesab edir: “Bu, aylıq istehlaka bərabər ehtiyatdır. Böhran zamanı ondan istifadə etmək olar”.

Almaniya iki il ərzində Rusiya qazından asılılığı tam aradan qaldırmağı qarşısına məqsəd qoyub. “E-Control”un rəhbəri bunu Avstriyanın nümunəsində qeyri-real hesab edir. Bununla belə, o qeyd edir ki, bərpa olunan enerji artıq elektrik enerjisinin 80 %-ni təmin edir: “100 % göstəriciyə 2030-cu ilə qədər nail olmaq lazımdır”.

Xatırladaq ki, cümə günü Avropa İttifaqı ölkələri Rusiyadan enerji asılılığının azaldılması problemini həll etmək və avropalıları enerji qiymətlərinin yüksəlməsindən qorumaq üçün qaz, hidrogen və mayeləşdirilmiş təbii qazı birgə almaq və saxlamaq barədə razılığa gəliblər. Bununla belə, onlar enerji qiymətlərinə yuxarı həddi müəyyən etməyiblər.

Kollektiv qaz alışına Ukrayna, Gürcüstan və Moldova, eləcə də Qərbi Balkan ölkələri qoşula bilər.

Aİ ölkələrinin liderləri həmçinin blokun icraçı orqanı olan Avropa Komissiyasının yeraltı anbarlarının 80 %-nin noyabr ayına qədər və 90 %-nin 2023-cü ilə qədər doldurulması təklifini də təsdiqləyiblər ki, bunun üçün də yaxın aylarda kütləvi şəkildə satınalmalar tələb olunacaq. Komissiya nümayəndələrinin fikrincə, bu, hazırda 25 % civarında olan mövcud saxlama dərəcəsi ilə müqayisədə böyük sıçrayışa səbəb olacaq.

Qeyd edək ki, hazırda Azərbaycan qazının Avropanın cənubuna nəql olunduğu Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) ötürücülük qabiliyyəti  ildə 10 milyard kubmetr qaz təşkil edir.

TAP AG konsorsiumu kəmərin ötürücülüyünün artırılması üçün 3 ssenarini nəzərdən keçirir: məhdud – 14,4 milyard kubmetrə qədər, qismən – 17,1 milyard kubmetrə qədər və tam – ildə 20 milyard kubmetrə qədər.

Xatırladaq ki, TAP-ın tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.

Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb.

Azərbaycan qazının TAP vasitəsilə Avropaya ümumi təchizatı 10 milyard kubmetrə çatıb. Hazırda TAP vasitəsilə Avropaya gündəlik 28 milyon kubmetrdən çox qaz verilir.

“Report”un daha əvvəl Azərbaycanın energetika naziri Pərviz Şahbazova istinadən verdiyi məlumata görə, 2022-ci ildə Azərbaycandan Türkiyəyə qaz ixracı 8,2 milyard kubmetr, Avropaya isə 9,1 milyard kubmetr təşkil edəcək.

2021-ci ildə Azərbaycan 19,2 milyard kubmetr, o cümlədən Avropaya 8,2 milyard kubmetr qaz ixrac edib. (report.az)

Related Articles

Bir cavab yazın

Back to top button