
Ordubadın mərkəzi meydanının ən uca yerində, qaya üstündə tikilmiş Cümə məscidinin memarlıq həllində də Təbriz ruhu aydın görünür.
Məscidin təməlinin nə zaman atıldığı bəlli olmasa da, indiki quruluşunun XVII əsrdə formalaşdığı bəllidir. Bəzi mənbələrdə məsciddə 1902-1903-cü illərdə təmir işləri aparılarkən bir kərpic üzərindəki yazıda onun XII-XIII əsrlərdə tikildiyi bildirilmişdir.
Cümə məscidinin Şərq qapısının sivri tağının üstünə bərkidilmiş daş kitabədə əhalidən alınan vergilərin azaldılması və ləğv edilməsi haqqında Şah Abbasın fərmanı yonulmuşdur. Kitabənin yazıldığı tarix – 1604-cü il, görünür, həm də Ordubad Cümə məscidində yenidənqurma işlərinin tamamlanma tarixidir. Əsas həcmi bişmiş kərpiclə üzlənmiş Ordubad Cümə məscidi çoxsütunlu Təbriz məscidlərinə bənzərliyi ilə diqqəti cəlb edir. Məsciddə Qacarlar dövrü üçün səciyyəvi olan bəzək işləri vardır.