
Aznews.tv “BBC”yə istinadən xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər üzrə dövlət müşaviri İranın müharibə ilə “nöqsanlı” nüvə anlaşması arasında seçimi “səhv seçim” adlandıraraq, bu ölkəni dünya gücləri və Körfəz dövlətləri ilə danışıqlar masasına qayıtmağa çağırıb.
Əbu Dabidə etdiyi çıxışda Ənvər Qarqaş, İranın regional gərginliyi azaltmaq və iqtisadiyyatını bərpa etmək üçün yeni bir saziş əldə etməsinin zəruriliyini vurğulayaraq deyib: “Bu mərhələdə gərginliyin artması heç kimə kömək etməyəcək. Biz qəti şəkildə inanırıq ki, birgə diplomatiyanın uğur qazanması üçün imkanlar var”.
Müharibə ilə “nöqsanlı” nüvə anlaşması arasında “səhv seçim”lə bağlı xəbərdarlıq edən Qarqaş bildirib ki, İranla yeni danışıqlar təkcə Tehranın nüvə fəaliyyəti məsələsini əhatə etməməli, əksinə, danışıqlarda ballistik raket proqramı, həmçinin “bu ölkənin dəstəklədiyi silahlı qruplaşmalar vasitəsilə regional müdaxilə” ilə bağlı narahatlıqlar da müzakirə edilməlidir.
BƏƏ-nin xarici işlər üzrə dövlət müşavirinin sözlərinə görə, strateji araşdırmalar üzrə illik iclasda “bu məsələlərin qaldırılması regional ölkələrin danışıqlarda iştirak etməli olduğu anlamına gəlir”.
BƏƏ rəsmisi İranla sazişlə nəticələnəcək bir zəminin yaranacağına nikbinlik ifadə edərək bildirib: “Bu, uzun bir yol olacaq və bu yolda səbr və şacaət tələb olunur”.
Qarqaş habelə Beynəlxalq birliyin “xüsusilə ABŞ, Aİ ölkələrinin və region dövlətlərinin” bu məsələdə vahid mövqedən çıxış etməsinin əhəmiyyətini vurğulayıb.
Qarqaşın belə bir açıqlama verdiyi bir halda, Körfəzdə neft tankerlərinin dəfələrlə hücumlara məruz qalması və eləcə də Səudiyyə Ərəbistanında ARAMCO şirkətinin neft obyektlərinə dron hücumu ilə bölgədə gərginlik daha da artıb və ittihamlar bir daha İrana qarşı yönəlib.
Aznews.tv