DünyaİranSiyasət

Bolton Britaniyanı İrana qarşı sərt mövqe sərgiləməyə təşviq etmək üçün Londona gedib

Aznews.tv “Azadlıq radiosu”na istinadən xəbər verir ki, ABŞ prezidentinin Milli Təhlükəsizlik üzrə müşaviri Con Bolton bazar günü Londona iki günlük səfərə gedib və onun Britaniya rəsmiləri ilə məsləhətləşmələrinin istiqamətlərindən birinin bu ölkəni İrana qarşı daha sərt mövqe nümayiş etdirməyə çağırması gözlənilir.

Reuters agentliyi bu barədə məlumat yayaraq xəbər verir ki, Britaniya bu ilin oktyabr ayının sonunda AB-ni tərk etməyə hazırlaşdığı bir vaxtda, bir çox diplomatlar bu ölkənin ABŞ-a daha da söykənəcəyini proqnozlaşdırır.

Hazırda Boltonun Brexit məsələsi də daxil olmaqla Londonda iki günlük məsləhətləşmələri Tramp administrasiyasının Boris Consonun rəhbərlik etdiyi Britaniya hakimiyyəti ilə əlaqələri möhkəmləndirmək üçün səylərini əks etdirir.

Reuters eyni zamanda yazır ki, Con Boltonun məsləhətləşmələr zamanı Britaniya rəsmilərini Vaşinqtonun Tehrana qarşı siyasətinə daha yaxın addım atmasına təşviq edəcəyi gözlənilir.

ABŞ hökümətinin yüksək vəzifəli rəsmisi “Reuters”ə bildirib ki, Bolton danışıqlar zamanı Londonun İranla nüvə sazişinə xitam verilməsini bildirməklə bağlı mümkün mövqeyinin İrana təzyiqləri artırmağa kömək edəcəyini əsaslandıracaq. Lakin ABŞ rəsmisi əlavə edib ki, yaxın vaxtlarda belə bir qərarın qəbul edilməsi gözlənilmir.

Qeyd edək ki, İranla nüvə sazişinin bağlanması ilə nəticələnən müzakirələrdə iştirak edən Avropanın ilk üç gücündən biri olan Britaniya bu günə qədər “Hərtərəfli birgə fəaliyyət proqramı”nı müdafiə edən AB-nin mövqeyini dəstəkləyib, lakin Hörmüz Boğazında bu ölkəyə aid bir neft tankerinin ələ keçirilməsi Britaniya hökumətinə İrana qarşı daha sərt mövqe tutmaq üçün təzyiqləri artırıb.

İranın bu addımından əvvəl Britaniya Dəniz Qüvvələri Aİ-nın sanksiyalarını pozmaqda və Suriyaya yanacaq qaçaqmalçılığındada şübhəli bilinərək Cəbəlüttariq sularında İrana aid bir super neft tankerini ələ keçirib, daha sonra isə Britaniya ABŞ-ın təşəbbüsü ilə və ticarət gəmilərini qorumaq məqsədilə hazırlanan Fars Körfəzində “Dəniz Təhlükəsizliyi Planı”na qoşulub.

 

Aznews.tv

Tags
Daha çox göstər

Əlaqədar məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button