Azərbaycan

Bu gün Azərbaycanlıların Soyqırımı günüdür

Son iki yüz ildə Azərbaycan tarixinə bir çox şanlı səhifələrlə yanaşı, faciələr, müsibətlərlə dolu qanlı səhifələr də yazılıb. Bu dəhşətli hadisələrdən biri 1918-ci ilin mars-avril aylarında yaşanıb. Belə ki, 1918-ci ilin yazında ermənilər tərəfindən azərbaycanlılara qarşı amansız soyqırımı törədilib. Minlərlə dinc azərbaycanlı yalnız milli mənsubiyyətinə görə qətlə yetirilib. 30 mars və 3 avril tarixləri arasında Bakı şəhərində və Bakı şəhərinin müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və s. bölgələrdə azərbaycanlılara qarşı soyqırımı törədilib. Rəsmi qaynaqlara əsasən, soyqırımı nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb.
Bu soyqırımı öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Erməni vandalları uşaq, qoca, qadın demədən minlərlə insanı qılıncdan, süngüdən keçirdilər, diri-diri yandırdılar. Milli memarlıq inciləri, mədrəsələr, mərizxanalar, məscid və abidələr dağıdıldı. Bakının böyük bir hissəsi xarabalığa çevrildi.
Marsın 30-dan avrilin 2-dək davam edən kütləvi qırğınlarda Stepan Şaumyanın başçılıq etdiyi erməni bolşevik dəstələri Bakıda minlərlə insanı qətlə yetirib. Tarixi faciə nəticəsində müsəlman ziyarətgahları yandırılıb, Bakı əhalisinin 400 milyon manatlıq əmlakı müsadirə edilib. Kütləvi qırğınlar zamanı şəhərin ən möhtəşəm məscidi sayılan Təzəpir məscidi aramsız top atəşinə tutulub. Ermənilər Bakının ən möhtəşəm memarlıq incilərindən olan “İsmailiyyə” binasını yandırıblar. Xəzər dənizində yerləşdirilmiş nizami qərargahın açdığı atəş nəticəsində Cümə və Təzəpir məscidlərinin minarələri ağır zədə alıb. Daşnak silahlı dəstələri karvansarada vəhşicəsinə öldürdükləri insanların meyitlərini elə oradaca yandırıblar.
Marsın 31-də erməni daşnakları Şamaxı olayının 53 kəndində 8027 azərbaycanlını, o cümlədən 2560 qadın və 1277 uşağı qətlə yetirib. Qubanın 162 kəndində öldürülən günahsız azərbaycanlıların sayı isə 16 mindən artıq olub. Erməni daşnakları Lənkəran, Muğan bölgəsi və Dağlıq Qarabağda minlərlə kəndi yandırıb, on minlərlə insanı vəhşicəsinə qətlə yetiriblər.
Şamaxıda 1918-ci ilin mars-avril aylarında öldürülənlərin sayının dəqiqləşdirilməsi ilə bağlı ötən əsrin 90-cı illərindən etibarən yerli tədqiqatçılar bir sıra araşdırmalar aparıblar. Onların tədqiqatı nəticəsində bəlli edilib ki, erməni cinayətkarları – S.Şaumyan, S.Lalayev, Z.Arestisyan, T.Əmirov və A.Əmiryan qardaşlarının başçılığı ilə Şamaxı şəhərində təqribən 14-16 min, onun 40 kənd və obasında 6-8 min nəfər qətlə yetirilib. Şamaxı hadisəsindən didərgin düşənlərin sayı isə 18 min nəfərdən çox olub.
1918-ci il culayın 15-də Azərbaycan Demokratik Cümhuriyyətinin yaratdığı İztirari Təhqiqat Komissiyonu bu qırğınlarla bağlı çoxsaylı sənədləri toplayaraq hökumətə təqdim edib. 1919-cu ildə Azərbaycan parlımanı 31 Mars tarixinin Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunması barədə qərar qəbul edib. Müstəqillik dövründə tarixi sənədlər əsasında 31 mars 1918-ci ildə Azərbaycan xalqının başına gətirilən faciəvi hadisələrlə bağlı çoxsaylı araşdırmalar aparılıb, kitablar dərc edilib.
1918-ci ilin mars qırğınları millətçi ermənilər tərəfindən azərbaycanlılara qarşı irqi ayrı-seçkilik və etnik təmizləmə siyasəti əsasında əvvəlcədən hazırlanmış və qəddarcasına həyata keçirilən siyasət olub.
1919 və 1920-ci ilin mars ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilib.
1998-ci il marsın 26-da prezident Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” qərar imzalayıb. Həmin gündən 31 Mars tarixi Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunur.
Soyqırımı qurbanlarını ehtiramla yad edir, Allahdan onlara rəhmət diləyirik!

Related Articles

Bir cavab yazın

Back to top button