Azərbaycanİran

Güney Azərbaycana qarşı ekoloji terror: İran və Ermənistan nə etməyə çalışır?

Son 10-15 il ərzində Cənubi Azərbaycanda ekoloji fəlakət yaşanır.

Ekoloji vəziyyətin daha da ağırlaşması həmin bölgədə məskunlaşan dinc əhali arasında müxtəlif xəstəliklərin günbəgün yayılmasına, o cümlədən ərazidə susuzluğun və qidasızlığın yaranmasına gətirib çıxara bilər. Araz çayının Ermənistan tərəfindən çirklənməsi və Urmiya gölünün quruması İranda yaşayan soydaşlarımızın gündəlik həyatında əsas problemlərə çevrilməkdədir.

Son zamanlar sosial mediada Ermənistanda yerləşən Metsamor Atom Elektrik stansiyasının və bəzi zavodların çirkablarının Araz çayına axıdılması və nəticə etibarı ilə çayın çirklənməsi, bunun da azərbaycanlıların kütləvi məskunlaşdığı ərazilərdə xərçəng xəstəliyindən əziyyət çəkən insanların sayının artmasına səbəb olması ilə bağlı məlumatlar yayılır.

Deyilənə görə, Ərdəbil, Təbriz və Cənubi Azərbaycanın digər şəhərlərində xərçəngdən ölənlərin sayı durmadan artır. Bununla savayı, Ermənistanın Naxçıvanla sərhəd bölgəsində ABŞ-ın maliyyə dəstəyi ilə metallurgiya zavodu inşa edilir. Bu zavodun fəaliyyət göstərəcəyi təqdirdə Araz çayı daha çox çirklənməyə məruz qalacaq.

Eyni zamanda, Cənubi Azərbaycanın qiymətli təbii sərvəti Urmiya gölü də qurumaq üzrədir. Peykdən çəkilən fotoşəkillərə diqqət yetirsək görərik ki, bu gölün suyu tamamilə qurumağa doğru gedir. Bu ekoloji fəlakətin bölgədə ciddi susuzluğa gətirib çıxaracağı istisna deyil. Artıq bu fəlakətin təlatümləri hiss olunur. Bütün bunların fonunda rəsmi Tehranın səssiz qalması və biganə mövqeyi müəmmalı suallar doğurur.

İran hakimiyyətinin Araz çayının Ermənistan tərəfindən çirklənməsinə, o cümlədən Urmiya gölünün qurumasına biganə qalmasının səbəbi nədir? Tehran Güney Azərbaycanda ekoloji terrorun intensivləşməsinə şərait yaratmaqla nə məqsəd güdür? Məgər Güney Azərbaycanda ekoloji fəalakətləri yaşanması İranın ziyanına deyil?

Məsələ ilə bağlı güneyli fəal, araşdırmaçı jurnalist Elyar Kamrani Cebhe.info-ya açıqlamasında qeyd edib ki, İran hakimiyyəti ilə Ermənistan azərbaycanlıların həyatı üçün əhəmiyyət kəsb edən Araz çayını birgə çirkləndirirlər:

“Bildiyimiz kimi, Ermənistan məqsədyönlü şəkildə Araz çayını çirkləndirir. Ermənistandakı zavodlar bu çaya zəhərli maddələr buraxır. Halbuki İran İslam Respublikasının qanunlarına görə, təbiəti və ətraf mühiti qorumaq dövlətin vəzifəsidir. Lakin görürük ki, İrandakı hakimiyyət bu problemlə bağlı heç bir ciddi tədbir görmür, ən maraqlısı isə rejimə çalışan media subyektləri yalan məlumatlar yaymaqla Ermənistanın daha Araz çayını çirkləndirmədiyini deyirlər.

Ancaq xüsusi dəlillərlə tərtib olunan hesabatlarda sübut olunur ki, uzun müddət ərzində Ermənistan müxtəlif yollar vasitəsilə Araz çayını çirkləndirir. Araz çayının çirklənməsi nəticəsində azərbaycanlıların kütləvi şəkildə məskunlaşdığı ərazilərdə ölümcül xəstəliklərin artması ciddi narahatlıq doğurur. Bir il bundan öncə Ərdəbildə bir həkim bu məsələnin ciddiyyəti ilə bağlı məlumat yaymışdı.

O da qeyd etmişdi ki, Araz çayına axıdılan zəhərli maddələr yerli sakinləri xərçəng xəstəliyinə düçar edir. Lakin qısa müddət sonra həmin həkim naməlum şəxslər tərəfindən öldürüldü. Bundan sonra İran hakimiyyəti bu məsələnin bir daha gündəmə çıxarılmasına imkan vermədi”. 

Ekspert bildirib ki, bu məsələnin ictimaiyyələşməsinə çalışan insanlar daim təhlükə altındadır:

“Görünən odur ki, İran hakimiyyəti ilə Ermənistan Cənubi Azərbaycanın ekologiyasının məhvində birgə hərəkət edirlər”. 

Güneyli fəalın sözlərinə görə, Tehranın Ermənistanda ABŞ-ın maliyyə dəstəyi ilə metallurgiya zavodunun tikilməsinə göz yumması riyakarlıqdan başqa bir şey deyil:

“Zəngəzur dəhlizinə hər vəchlə mane olan, bu dəhlizi özünün təhlükəsizliyinə təhdid kimi görən İran hakimiyyəti Ermənistanda ABŞ-ın maliyyə dəstəyi ilə metalurgiya zavodunun inşasına göz yumur. Bu, İslam Respublikasının riyakar bir quruluş olduğunu sübut edir”. 

Elyar Kamrani, həmçinin Urmiya gölü məsələsinə də toxunub:

“Urmiya gölündə baş verən fəlakətin doğuracağı nəticələr qat-qat təhlükəli ola bilər. Urmiya gölünün quruması gölün ətrafında məskunlaşan sakinlərin məcburi köçməsinə səbəb olur. Bu gölün quruması, həqiqətən insanları ölüm, heyvanları və bitkiləri tələf olmaq təhlükəsi ilə üz-üzə qoya bilər. Artıq on beş ildir ki, Urmiya gölündə və bu gölün ətrafındakı ərazilərdə ekoloji durum ağırlaşmağa doğru gedir.

Düzdür, İran hakimiyyəti fəlakətin qarşısının alınması üçün tədbirlərin görüləcəyi ilə bağlı müxtəlif vədlər verir. Amma bu istiqamətdə heç bir əməli tədbir görülmür. Əlbəttə, bu məsələdə heç bir ciddi tədbir görülməməsinin bir səbəbi var.

Öz təbii gözəlliyi, yaşıllığı və bol su ehtiyatları olan Cənubi Azərbaycanın səhraya və susuz çöllüyə çevrilməsi İran hakimiyyətinin əsas strateji məqsədidir. Nəinki sosial-iqtisadi və mədəni məsələlərdə, hətta ekoloji məsələdə də xalqımız ayrıseçkiliyə məruz qalır. Hakimiyyət başında oturanlar Urmiya gölünün qurumasına bilərəkdən göz yumurlar”. 

E.Kamrani Tehranın buna göz yummasının səbəbini də açıqlayıb:

“Tehranda yaxşı başa düşürlər ki, Urmiya gölünün məhv olması, eləcə də Araz çayının çirklənməsi Cənubi Azərbaycanın demoqrafik cəhətdən boşalmasına gətirib çıxaracaq. Bu da mərkəzi hakimiyyətə sərf edir”. 

Elyar Kamrani milli fəalların Cənubi Azərbaycanda yaşanan ekoloji fəlakətlərin qarşısının alınması istiqamətində gördüyü tədbirlər bəradə də söz açıb.

“İstər ölkə daxilində, istərsə də beynəlxalq səviyyədə Güney Azərbaycanın milli fəalları bu kimi ekoloji problemləri gündəmə gətirərək öz etirazlarını bildiriblər. Milli fəallarımız tərəfindən qurulan təşkilatların çağırışları əsasında Urmiya, Təbriz, Ərdəbil və azərbaycanlıların məskunlaşdığı digər şəhərlərdə ekoloji terrora qarşı kütləvi etirazlar keçirilib. Etirazlar davam edir və bundan sonra da davam edəcək.

Eyni zamanda, Azərbaycan Mərkəz Partiyası olaraq bu məsələlərə daim diqqət göstərmişik. Dəfələrlə bəyanatlarımızda vurğulamışıq ki, Urmiya gölü, Araz çayı və digər ekoloji məsələlərdə xalqımız susmamalı və öz mübariz mövqeyini daim biruzə verməlidir. Urmiya gölünün üzləşdiyi təhlükə ilə bağlı ətraflı və geniş müzakirələr aparılmalıdır. Çünki Urmiya gölünün tam quruması Cənubi Azərbaycanın məhv olması deməkdir”. 

Yunis Abdullayev
Cebhe.info

Related Articles

Bir cavab yazın

Back to top button