
“ANT””Globalinfo”ya istinadən xəbər verir ki, Politoloq Əlimusa İbrahimov qeyd edib ki, Amerika Birləşmiş Ştatları tərəfindən Zəngəzur dəhlizinin 100 illik icarəyə götürülməsi məsələsi gündəliyə çıxandan sonra İranın münasibəti ciddi maraq doğurmağa başlayıb.
“Çünki bu vaxta qədər aparılan müzakirələrdə İran birmənalı şəkildə dəhlizin açılmasına qarşı çıxıb və onu İranın “qırmızı xətt” səviyyəsinə qaldırıb. Amerikanın məlum təklifindən sonra Tehran tərəfindən mövzu ilə bağlı açıqlama və bəyanatlar gözlənilirdi. Qeyd olunmalıdır ki, bu cür açıqlamalar hələ də verilməyib. Amma İranın Ermənistandakı səfiri, Azərbaycan əleyhinə mütəmadi bəyanatları ilə gündəmdə olan Mehdi Sübhani nələrsə deməyə çalışıb. Onun dedikləri İranın rəsmi mövqeyini ifadə etməkdən hələ uzaq olsa da, müəyyən işarələr verir. Çünki səfir bu dəfə Zəngəzur dəhlizinin açılmasını İranın “qırmızı xətti” adlandırmır və açılacaq dəhlizin Ermənistanın nəzarəti və yurisdiksiyası altında fəaliyyət göstərəcəyini qabartmağa çalışır”.
Politoloqun sözlərinə görə, belə görünür ki, Zəngəzur dəhlizinin açılmasına, həm də Amerikanın nəzarəti altında açılmasına İranın müqavimət gücü artıq qalmayıb:
“Yəni dəhliz açıldığı təqdirdə, İran da bu layihə ilə barışıb ona qoşulmaqdan başqa çıxış yolunu görməyəcək. Deməli, İranın bu vaxta qədər bu dəhlizin açılması ilə bağlı qaldırdığı hay-küy bu layihədə Azərbaycan və Türkiyənin mühüm oyunçu olmaları ilə bağlı imiş. İranda başa düşməlidirlər ki, dəhliz kimin nəzarəti altında açılırsa-açılsın onun ən böyük fayda götürəni elə Azərbaycan və Türkiyə olacaq. İranın isə Azərbaycan və Türkiyənin yanında dəhlizdən istifadə etməkdən başqa yolu olmayacaq. Təbii ki, Amerika şirkətləri İrana bu işdə “qırmızı kart” göstərməsə”.