
Güney Azərbaycan Təşkilatları Əməkdaşlıq Şurası İran İslam Respublikası rejiminin martın 5-də, bölgədə davam edən toqquşmaların altıncı günündə Naxçıvan hava limanına həyata keçirdiyi pilotsuz uçuş aparatı hücumunu qətiyyətlə qınayır. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikasının qeyri-hərbi və kommunikasiya infrastrukturunun hədəfə alınması Azərbaycan Respublikasının milli suverenliyinə qarşı təcavüzkar, təhlükəli və təhrikedici bir addımdır. Bu addım bölgənin sabitliyini ciddi təhlükə ilə üz-üzə qoya və gərginliyin daha da genişlənməsinə səbəb ola bilər.
Bu hadisə o halda baş verir ki, Azərbaycan Respublikası müharibə başlamazdan əvvəl də rəsmi şəkildə öz hava məkanını İrana qarşı hücum üçün heç bir ölkənin istifadəsinə verməyəcəyini bəyan etmiş və İran ilə Amerika Birləşmiş Ştatları və İsrail koalisiyası arasında gedən müharibə zamanı da bu mövqeyinə sadiq qalmışdır. Azərbaycan Respublikası həmişə bütün qonşularla, o cümlədən İranla dostluq münasibətləri, yaxşı qonşuluq və qarşılıqlı hörmət prinsiplərinin qorunmasının vacibliyini vurğulamışdır. Buna baxmayaraq, İran İslam Respublikası rejimi son illərdə dəfələrlə Azərbaycan xalqına və dövlətinə qarşı düşmən və sabitliyi pozan siyasət yürütmüşdür. Bu siyasətə açıq şəkildə Azərbaycan Respublikasının dövlətini devirməyi məqsəd elan edən terror qruplarına sığınacaq və dəstək verilməsi də daxildir. Bu qruplara təhlükəsiz yaşayış imkanı yaratmaq, maliyyə dəstəyi göstərmək, media tribunaları təqdim etmək və hətta logistika və silah dəstəyi vermək, Azərbaycan Respublikasının ərazisində terror fəaliyyətləri həyata keçirmələri üçün şərait yaratmaq həmin müdaxiləçi siyasətin bir hissəsi olmuş və bu ölkənin təhlükəsizliyini hədəfə almışdır.
Naxçıvan hava limanının hədəfə alınması isə açıq şəkildə Azərbaycan Respublikasına təzyiq göstərmək və bu bölgənin ölkənin əsas ərazisi ilə hava əlaqəsini kəsmək cəhdidir. Bu addımın heç bir məntiqi və ya müdafiə xarakterli əsaslandırması yoxdur və İran İslam Respublikası rejiminin region ölkələrinə qarşı düşmən və təcavüzkar siyasətinin davam etdiyini göstərir.
Güney Azərbaycan Təşkilatları Əməkdaşlıq Şurası İran rejiminin bu təcavüzkar addımını ən sərt şəkildə qınayır və vurğulayır ki, Güney Azərbaycan cəmiyyəti Qarabağın işğaldan azad olunması müharibəsi zamanı olduğu kimi, bu gün də Azərbaycan Respublikasının təhlükəsizliyinə, suverenliyinə və ərazi bütövlüyünə qarşı hər hansı təhdid qarşısında Azərbaycan xalqı və dövləti ilə birlikdə dayanacaqdır. Biz açıq şəkildə bəyan edirik ki, Naxçıvana edilən hücum bütün Azərbaycanın təhlükəsizliyinə və ləyaqətinə edilən hücumdur və Azərbaycan Türk milləti belə təhdidlər qarşısında heç vaxt susmayacaq və laqeyd qalmayacaqdır.
Biz həmçinin İranın silahlı qüvvələrində xidmət edən Azərbaycanlı Türk hərbçilərinə müraciət edərək qardaş qırğınının qarşısını almaq naminə Azərbaycan xalqına və Azərbaycan dövlətinə qarşı hər hansı addımdan çəkinməyə və imkan daxilində bu cür addımların qarşısını almağa çağırırıq.
Güney Azərbaycan Təşkilatları Əməkdaşlıq Şurası



