
Aznews.tv “Radiozamaneh” saytına istinadən xəbər verir ki, İnqilab Keşikçiləri Korpusunun ictimaiyyətlə əlaqələr Xidmətindən verilən açıqlamada “Amadnews” kanalının rəhbəri Ruhullah Zəmin “mürəkkəb bir əməliyyat” nəticəsində həbs edildiyi bildirilib.
İnqilab Keşikçiləri Korpusunun ictimaiyyətlə əlaqələr Xidmətindən oktyabrın 15-də verilən məlumata görə, Ruhullah Zəm ABŞ və İsrail kəşfiyyatının “dəstəyi”, “Fransa xüsusi xidmət orqanlarının nəzarəti altında” və “digər xüsusi xidmət orqanları ilə əlaqəli” şəxs kimi xarakterizə edilərək yazılıb ki, İnqilab Keşikçiləri Korpusunun Kəşfiyyat qüvvələri “qabaqcıl kəşfiyyat metodları və innovativ taktikalardan istifadə edərək xarici xidmət orqanlarını idarə edərək aldadıb”.
İnqilab Keşikçiləri Korpusu bu “böyük əməliyyat” barədə əlavə məlumatları yaxın zamanda yayımlayacağını bildirib.
Ruhullah Zəm, hökümət ruhanilərindən və İran parlamentinin Tehran şəhərindən beşinci çağırış seçkilərinə namizəd olan Muhəmmədəli Zəmin oğludur.
2009-cu il etirazlarından sonra bir dəfə həbs olunaraq daha sonra İranı tərk edən Zəm ölkədən xaricdə “Amadnews” kanalını və saytını yaradıb. Həmin kanal bir müddət sonra hökümətin korrupsiya faktlarını yayan kanal kimi populyarlaşıb.
Hələlik İnqilab Keşikçiləri Korpusunun xaricdə yaşayan Ruhullah Zəmi necə həbs etdiyi məlum deyil.
Aznews.tv