İranSiyasət

İran oliqarxları hər il ölkədən 40 milyard dollar çıxarır

Aznews.tv “RFİ” saytına istinadən xəbər verir ki, “Observer Maghreb and Africa” xəbər saytı İran hökumətinə yaxın rəsmi mənbələrə istinadən bildirir ki, son 5 ildə İranda güc və kapital sahibləri BƏƏ, Türkiyə, Gürcüstana və s. ölkələrə investisiya qoymaq məqsədilə hər il təxminən 30-40 milyard dollara qədər vəsaiti ölkədən çıxarıb.

Eyni mənbə əlavə edir ki, vəsaitin böyük bir hissəsi daşınmaz əmlak və ya xarici bankların alınmasına sərf olunub. İranın “Arman” qəzeti ötən ay bu xəbəri dərc edərək yazırdı ki, bu vəsait ABŞ-ın sanksiyaları olmadığı halda ölkənin normal vəziyyətdə illik neft gəlirinə bərabərdir.

Saytın məlumatına görə, “İranın hakimiyyət dairələrinin və liderlərinin cüzi bir hissəsi pullarını və kapitallarını tələsik şəkildə ölkədən çıxarmaqla məşğuldur.

İran hökumətinin sözcüsü Əli Rəbii ötən ilin avqust ayında ölkənin rəsmi mediasına verdiyi müsahibədə, rəsmi sorğu hesabatlarına istinadən bildirib ki, iranlıların 95 faizi hakimiyyətdə korrupsiyanın olduğunu hesab edir. Belə bir korrupsiya nəticəsində, keçən il xaricdən mal idxalı bəhanəsi ilə ölkədən 16 milyard dollar valyuta ehtiyatları çıxarılıb, lakin bunun qarşılığında heç bir mal ölkəyə qaytarılmayıb.

İranın Mərkəzi Bankının keçmiş rəhbəri Mahmud Bəhməni ötən ilin yayında bildirmişdi ki, ölkənin aktivlərinin yalnız 148 milyard dolları İran İslam Respublikası liderlərinin övladlarının xarici banklardakı bank hesablarına yerləşdirilib. O, habelə İranın iki illik ixracat gəlirlərinə bərabər vəsaitin heç vaxt ölkəyə qaytarılmadığını da etiraf edib.

Bundan əvvəl İranın millət vəkillərindən biri Məhəmməd Rza Badamçının sözlərinə görə, son 40 ildə ölkəyə iki trilyon dollar vəsait və kapital daxil olub, lakin bu, ölkədəki milyonlarla işsiz, ac, evsiz və uşaq əməyinin vəziyyətinə heç bir müsbət təsir göstərməyib.

“Observer Maghreb and Africa” xəbər saytı bildirib ki, son üç il ərzində İranla əldə edilən nüvə sazişindən sonra, neft gəlirlərindən əlavə, İranın xaricdəki hesablarda 150 milyard dollarlıq dondurulmuş aktivləri də bu ölkənin rəhbərlərinin sərəncamına verilib, bununla belə, İran əhalisinin üçdə ikisi hələ də yoxsulluq həddində yaşayır.

 

Aznews.tv

Tags
Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close