İran

İranda koronavirus bəlası və molla rejiminin laqeyidsizliyi Yazar:Raşed Həsənzadə

Bildiyimiz kimi, İran, koronavirusa yoluxma və ölüm halları ilə bağlı statistikaya görə virusun mənşəyi olan Çindən və hazırda çənginə aldığı İtaliyadan sonra dünyada ən çox yayıldığı ölkədir.

 

Bildiyimiz kimi, İran, koronavirusa yoluxma və ölüm halları ilə bağlı statistikaya görə virusun mənşəyi olan Çindən və hazırda çənginə aldığı İtaliyadan sonra dünyada ən çox yayıldığı ölkədir.

 

İranda koronavirusun belə sürətlə epidemiya halı almasının bir neçə səbəbi var. Bu ilin yanvar ayında virusun Çinin Vuhan şəhərində hələ yenicə yayılmağa başladığı ilk vaxtlarda, Çin höküməti ölkə vətəndaşlarının sağlamlığını düşünərək ciddi profilaktik tədbirlərə əl ataraq, xəstəliyin başqa ölkələrə yayılmaması üçün əlindən gələni edirdi.

Lakin İran höküməti xəstəliyin ölkəsinə yayılacağını ciddiyə almamış, Ümumdünya Səhiyyə Təşkilatının, qabaqcıl ölkələrin və dünya alimlərinin həyəcan təbili çalmasına məhəl qoymamışdı. Buna misal olaraq, bütün beynəlxalq aviaşirkətlərin zərərə uğramasına rəğmən Çinə uçuşlarını məhdudlaşdırdığı halda, İranın “Mahan” da daxil olmaqla bir sıra aviaşirkəti xəbərdarlıqlara baxmayaraq, hökümətin də buna səssiz qalması ilə Çinə uçuşlarını davam etdirməklə kifayətlənməmiş, tamahına güc gəlməyərək hətta başqa ölkələrdə qalan Çin vətəndaşlarını da vətənlərinə təxliyyə etməkdə “yardımçı” olmuşdu. Bu barədə İran Parlamentinin Şirazdan olan millət vəkili Bəhram Parsayi martın 13-də ölkənin İSNA İnformasiya Agentliyinə açıqlamasında bildirib ki, koronavirusun ölkəyə daxil olmasına görə ən böyük məsuliyyəti İran Hava Yolları Təşkilatı və “Mahan” aviaşirkəti daşıyır. O, bir sıra İran aviaşirkətlərinin Çinə uçuşlarını hələ də davam etdirməsi məsələsini İran Hava Yolları Təşkilatına sorğu göndərməklə Parlament səviyyəsində araşdıracağını qeyd edib.

Bundan əlavə, İranın Səhiyyə nazirinin müavini etiraf edib ki, İran rəsmiləri ölkəyə yeni koronavirusun daxil olması və aşkarlanmasında gecikib və Çindən uçuşların dayandırılması ilə bağlı Nazirliyin müraciətlərinə hökümət kifayət qədər əhəmiyyət verməyib. Rza Məlikzadə martın 13-də bir televiziya proqramında çıxış edərək İran rəsmilərinin bir müddət koronavirusu qriplə (Influenza) səhv saldıqlarını, buna görə məsələnin ciddiliyinin gec fərqinə vardıqlarını bildirib.

O deyib: “Epidemiya ilə bağlı bir qədər gec məlumat verdik, çünki bunun virus olacağını bilmirdik və böhranın belə geniş vüsət alacağını düşünmürdük”.

Məlikzadə həmçinin Səhiyyə Nazirliyinin Çindən uçuşların məhdudlaşdırılması ilə bağlı müraciətlərinin hökumət tərəfindən ciddi qəbul edilmədiyini təəssüflə qeyd edib.

Əslində, koronavirus Çindən sonra, məntiqlə Yaponiya, Cənubi Koreya və Şimali Koreya kimi öz yaxın qonşularına yayılmalı idi. Lakin statistik rəqəmlər sözügedən ölkərlədə virusa yoluxanların və qurbanların İranla müqayisədə minimal olduğunu göstərir. Burada İran rəsmilərinin ikinci səhlənkarlığı ondan ibarətdir ki, onlar başqa ölkələr kimi dərhal Çinin Vuhan şəhərində təhsil alan iranlı tələbələri və eləcə də bu ölkədə səfərdə olan və ya fəaliyyət göstərən iranlı sahibkarları təxliyyə etmək yerinə, Çinə vu bu ölkədən İrana sərnişin uçuşlarını həyata keçirməyə davam edib. Üçüncü amil isə, İranın Qum şəhərində dini təhsil alan çox sayda çinli tələbəni və habelə burada işləyən çinli fəhlələrin potensial virus daşıyıcıları olduğunu dərk etməyib və onları vaxtında ölkələrinə geri qaytarmayıb. İrandakı sünnilərin görkəmli dini alimi və ümüm cüməsi Moləvi Əbdülhəmidin də açıqlamaları buna bariz nümunədir. O ötən gün yaydığı video çıxışında bu barədə deyib: “Koronavirus “əl-Mustafa” Beynəlxalq Universitetində təhsil alan çinli tələbələri daşıyan nəqliyyat vasitələrindən Qum şəhərinə yayılıb”.

Burada gülməli və olduqca paradoksal bir məqam ondan ibarətdir ki, Çin rəsmiləri virusun yayılmasına vaxtında reaksiya vermədiyi üçün yoluxma və ölüm hallarına görə ölkə vətəndaşlarından üzr istədiyi halda, İranın Xarici işlər naziri Çinin koronavirusla mübarizədə məsuliyyətli və uğurlu fəaliyyət göstərdiyini bildirib. Bu barədə Məhəmməd Cavad Zərif fevralın 4-də Çinin koronavirusla mübarizədəki uğurlu səylərini təqdir edərək öz Twitter səhifəsində çin dilində yazıb: “Rəsmi Pekin koronavirusun yayılmasının qarşısının alınması istiqamətində məsuliyyətlə davranıb və müvəffəqiyyətlə hərəkət edib”.

İran hakimiyyəti virusun sürətlə ölkəyə yayılmasına səhlənkar yanaşıb, xüsusilə virusun yayılma mənşəyi olan Qum şəhərinin karantinə alınması ilə bağlı xarici ölkələrin tövsiyyələrinə və xəbərdarlıqlarına əhəmiyyət verməyib. Bunu görən və dəfələrlə İrandan profilaktik addımlar atmasını istəyən Türkiyənin Səhiyyə naziri deyib ki, İran höküməti vaxtında Qum şəhərində karantin elan etsəydi, sərhədləri bağlamağa ehtiyac qalmazdı. Fevralın 24-də “Hürriyyət” qəzetinə açıqlama verən Fəxrəddin Koca koronavirusun yayılmasından sonra ölkəsinin İranla sərhədlərinin bağlanmasının səbəbi barədə deyib: “İranda koronavirusa yoluxma hallarının müşahidəsi Qum şəhərindən başlayıb. İranın səhiyyə naziri Səid Nəməki ilə söhbətimdə Qum şəhərinin də Çinin Vuhan şəhəri kimi karantinə alınmasını tövsiyyə etdim”.

“Lakin İran Qum şəhərinin karantinə alınmasının mümkünsüz olduğunu bildirib və bu cavabdan sonra biz bu ölkə ilə sərhədlərimizi bağlamaq məcburiyyətində qaldıq”,-deyə o əlavə edib.

Türkiyənin Səhiyyə naziri qeyd edib: “Qum şəhəri karantinə alınsaydı, əlavə tədbirlər görməyə və sərhədləri bağlamağa ehtiyac olmazdı. Necə ki, İtaliya virusun müşahidə olunduğu ərazini karantinə götürüb və bu düzgün addım idi, “Çin də Vuhan şəhərində karantin tətbiq edib və buna görə Türkiyənin bu ölkələrlə əlaqələri davam edir”.

Türkiyəli nazirin sözlərinin təsdiqi olaraq, bu yaxınlarda Qum şəhərinin morqundan çəkilən bir video görüntüdə morqa gətirilən saysız virus qurbanlarının olduğu, onların günlərdir burada qaldığı və saylarının çox olmasına görə onların yuyulub dəfn edilməsi işlərinin gecikdiyi deyilir.

Həmçinin son günlər “Washington Post” qəzeti də Qum şəhərindəki “Beheşti Məsumə” adlı məzarlıqda dərin xəndəklərin qazıldığı ilə bağlı kosmosdan görüntülər yayıb. İran rəsmiləri ölkədə koronavirusa yoluxma və ölənlərin rəsmi statistikasını elan etdikdən sonra qəbiristanlıqda kütləvi məzarlar qazmağa başlayıb. Bu məqsədlə burada böyük, qeyri-adi və qəribə xəndəklərin qazıldığı bildirilir.

İranda Koronavirusla Mübarizə Qərargahının sözçüsü Kianuş Cahanpur ötən gün deyib: “Son 24 saat ərzində virusdan 113 adam həyatını itirib və ölənlərin ümumi sayı 724-ə çatıb, şənbə günündən indiyədək koronavirusa 1209 yeni yoluxma halı qeydə alınıb və yoluxanların ümumi sayı 13 938 nəfərə çatıb”.

Burada daha bir gülməli məqam ondan ibarətdir ki, İran rəsmiləri koronavirusun yayılmasının qarşısını almaq əvəzinə, bunu ABŞ-ın İrana qarşı “bioloji müharibə” apardığını iddia edib. Bu məsuliyyətsiz iddia xüsusilə İran generallarının çıxışlarında öz əksini tapır. Həmçinin ölkənin ali dini lideri Ayətullah Xameneyi də “bioloji müharibə” ehtimalını araşdırmaq məqsədilə ölkənin Silahlı Qüvvələrinə göstəriş verib.

 

Related Articles

Bir cavab yazın

Back to top button