Azərbaycanİran

Təbriz orta əsrlərdə – Ağqoyunlu (1468-1508)

Ağqoyunlu hökmdarı Uzun Həsən əvvəllər Diyarbəkir bəyliyinin hakimi (1453-1468) idi.

Ağqoyunlu ölkəsinin böyüdüyü və bəyliyin dövlətə çevrildiyi bu dövrdə dövlətin torpaqları daha da genişlənərək Azərbaycan ilə Diyarbəkir daxil olmaqla İraqi-ərəb, Fars, İsfahan, Kirman, Qəzvin və Aran bölgələrini də əhatə etdi.

Osmanlılara qarşı müttəfiq axtarışında olan Venesiya üçün Ağqoyunlu Uzun Həsənin güclənib Şərqdə Osmanlı İmperiyasının əleyhinə olan bir dövlət yaratması, iki dövləti ortaq düşmən qarşısında yaxınlaşdırmış və Venesiyadan Ağqoyunlulara, Ağqoyunlulardan Venesiyaya elçilər gedib-gəlməyə başlamışdı. Xüsusilə Fateh-Uzun Həsən qarşıdurması dövründə Ağqoyunlu dövlətinə gələn Venesiya elçilərinin səyahətnamələri bu əlaqələrə şahidlik etməkdədir. Uzun Həsən siyasi nüfuzunu artırmaq üçün Trabzon Rum İmperatorunun qızı ilə evlənmişdi.

Təbrizdə Qeysəriyyə adlanan bazar binası da Uzun Həsən dövrünə aiddir. Bu böyük bazarda qiymətli daşlar və nadir əşyalar satılırdı. XV əsrin ən böyük hökmdarlarından biri olan Uzun Həsənin dövründə (1468-1478) Ağqoyunlu dövləti Şərqi Anadolu ilə yanaşı, İraq, İran və Azərbaycanı da əhatə edərək böyük bir imperatorluğa çevrildi. Dövlətin paytaxtını Diyarbəkirdən Təbrizə köçürən Uzun Həsən Anadoludakı Ağqoyunlu türkmənlərinin bir çoxunu da İrana apararaq imperatorluğun müxtəlif bölgələrinə yerləşdirdi və bu yolla Şərqi Anadoluda türk əhalisinin zəifləməsinə səbəb oldu.

Uzun Həsən siyasi uğurları sayəsində Təbrizin abadlığına və inkişafına da yardım etdi. Məsələn Təbrizdə möhtəşəm saray təşkilatı quraraq dövrünün tanınmış elm adamları və şairlərini ətrafına topladı. Elm adamlarını himayə etməsi ölkənin hər tərəfindən gələn elm və sənət adamlarının sayını günbəgün artırdı. Bunlardan məşhur Cəlaləddin Dəvvani “Əxlaqi-Cəlali” adlı məşhur əsərini Uzun Həsənə ithaf etmişdir. Bundan əlavə, Ağqoyunluların tarixindən bəhs edən “Kitabi-Diyarbəkiriyyə” adlı əsər də onun zamanında Əbubəkr Tehrani tərəfindən yazılmış və 1471-ci ilin sonunda başa çatdırılmışdır.

Uzun Həsəndən sonra taxta Sultan Xəlil çıxdı, ancaq onun hakimiyyəti qısa sürdü. Yaqub bəy hökmdarlığı ələ keçirdikdən sonra onu öldürdü.

Sultan Yaqub (1478-1490) Uzun Həsəndən sonra Ağqoyunlu sülaləsinin ən güclü hökmdarıdır. O, Şiraz və İsfahanda qalxan üsyanları yatırmış, gürcülər üzərinə də dəfələrlə hücumlar təşkil etmişdi. Gözəl təbiətli insan olan Sultan Yaqub həm də şair idi. Atası Uzun Həsən kimi, o da elm adamlarını himayə edirdi. Sultan Yaqub olduqca sakit keçən 12 illik hakimiyyəti dövründə sarayına ədibləri toplamış və 1483-cü ildə Sahibabad bağçasında “Həşt Behişt” sarayını inşa etdirmişdir.

Sultan Yaqubdan sonra oğlu Baysunqur, ona qarşı çıxan Həsən bəyin nəvəsi Rüstəm Mirzə (1492) Ağqoyunlu hökumətini ələ keçirmişdir. Bundan sonra Uğurlu Məhəmmədin oğlu Əhməd bəy Osmanlı hökmdarı II Bəyazidin dəstəyi ilə 1497-ci ildə taxta çıxmış olsa da, hakimiyyəti çox uzun sürmədi. Sultan Yaqubdan sonra uşaqlarının kiçik olması və digər ailə üzvləri arasında hakimiyyəti tək əldə toplamağa qadir hökmdarın çıxmaması imperatorluğun daxili çəkişmələr nəticəsində çökməsinə səbəb oldu. Nəticədə isə gənc və qüdrətli Şah İsmayıl Ağqoyunlu hakimiyyətinə son qoyaraq Səfəvi dövlətini qurdu.

Qaraqoyunlu Cahanşah, Ağqoyunlu Uzun Həsən və onun oğlu Yaqub zamanında Təbriz kitab sənətində və memarlıqda qabaqcıl bir mərkəz olmuşdur. Ağqoyunlu hakimiyyəti sona çatdıqdan sonra Təbrizdə XVI əsrin əvvəllərində Səfəvi hakimiyyəti quruldu.

Related Articles

Bir cavab yazın

Back to top button