DünyaİranSiyasət

İranın “işğalı” gündəmdə: Rusiya gecikib, Çin isə…

ABŞ-ın İrana hərbi müdaxilə edəcəyini düşünmürəm. Əgər belə bir hal olsa, ABŞ-ı SSRİ-nin Əfqanıstandakı aqibəti gözləyir. Buna görə də birmənalı olaraq deyə bilərəm ki, ABŞ İrana hərbi müdaxilə etməyəcək.

Bu sözləri açıqlamasında siyasi ekspert Vüqar Zifəroğlu ABŞ-ın sabiq dövlət katibi Henri Kissincerin İranı işğal edəcəkləri barədə açıqlamasını şərh edərkən deyib. O vurğulayıb ki, müasir dövrdə dövlətlərin bir-birini təsir altına alması üçün birbaşa hərbi yola əl atması şərt deyil:

“Bunun ən bariz nümunəsi məhz ABŞ-dır. ABŞ dünyanın istənilən nöqtəsində olan ölkəni öz təsir dairəsinə salmaq üçün iqtisadi- siyasi yollarla təzyiqlər edir. Bu mənada düşünürəm ki, Henri Kissincer “Yaxın Şərqdə 7 ölkəni işğal etmək məcburiyyətində qaldıq” ifadəsi ilə yalnız hərbi işğalı nəzərdə tutmayıb. Bu gün ABŞ faktiki olaraq Yaxın Şərqi öz təsiri altında saxlayır. İraq ABŞ üçün Yaxın Şərqin qapısı idi. Vaşinqton İraqa müdaxilədən sonra digər ölkələri də nəzarət altına ala bildi”.

Ekspertin sözlərinə görə, İranı sözügedən 7 ərəb ölkəsi ilə bir tutmaq düzgün deyil:

“Henri Kissincerin “İranı işğal etmək üçün yalnız bir addım qalıb” ifadəsi ilə razılaşmıram. Çünki İran hər hansı bir ərəb ölkəsi deyil. 1979-cu il İslam İnqilabına qədər İran faktiki olaraq Qərbin təsiri altında idi. Digər tərəfdən İranın daxilində xaricdən doğan bir deqradasiya gedirdi. Yəni Qərbə meyil etdiyi üçün şaha nifrət vardı. Bax bu vəziyyət İran inqilabının doğmasına zəmin yaratdı. Nəticədə İranda şah rejimini molla rejimi əvəz etdi. Lakin Qərbin, xüsusən də bu inqilabda xüsusi paya sahib olan ABŞ-ın hesablamadığı bəzi nüanslar üzə çıxdı. İranda hakimiyyətə gələn siyasi elita region üçün və xüsusilə ABŞ üçün ciddi təhlükəyə çevrildi. Yeni siyasi elita özünə iki əsas siyasi kursu seçdi: 1. İranda hakim şiə ideologiyasını regiona ixrac etmək; 2. Sionizmə qarşı mübarizə aparmaq.

Bu gün faktiki olaraq ABŞ bu təhlükəni hiss edir. İranın Yaxın Şərqdə apardığı “Şiə hilalı” planı ABŞ-ın regiondakı maraqlarına təhlükə törədir. Bu mənada ABŞ İranın işğalı üçün müxtəlif planlar hazırlayır. Lakin ABŞ-ın İranı hərbi baxımdan işğal etməsi heç də real deyil”.

Ekspert Kissincerin “Çin və Rusiya yuxudan oyananda Üçüncü Dünya müharibəsi başlayacaq” fikirlərinə də münasibət bildirib:

“Müəyyən mənada demək olar ki, Rusiya regionda ABŞ-ın qarşısını almaq üçün gecikib. Lakin Çin üçün bunu demək hələ tezdir. Mövcud koronavirus pademiyası və ABŞ-ın bununla bağlı Çinə təzyiqləri bir daha sübut edir ki, Vaşinqton Pekini bu siyasi oyundan kənarlaşdırmaq istəyir və məncə, pandemiya bir müddət Çinin ABŞ-ın “ayağına dolanmasına” mane olacaq”.

Related Articles

Bir cavab yazın

Back to top button