
Statistikaya görə, ölkənin ən yoxsul bölgəsi ərəblərin yaşadığı Xuzistan əyalətidir. Qeyd edək ki, bu əyalət özünün zəngin neft və qaz ehtiyarları ilə tanınır.
İranın Statistika Mərkəzinin son məlumatlarına əsasən, bu ilin birinci rübündə yoxsulluq indeksi 42,2 bənd təşkil edib. Bu göstərici ötən ilin sonunda 40,3 idi.
Yoxsulluq indeksi işsizlik səviyyəsi ilə inflyasiya səviyyəsinin cəmindən əldə edilən mühüm iqtisadi göstəricilərdən biridir. Məsələn, Əhvaz vilayətində bu ilin yazında işsizlik 11 faiz, inflyasiya isə 35,6 faiz olub və bu vilayətin yoxsulluq göstəricisi 46,6 bəndə çatıb. Bu statistikaya əsasən, İranın 17 vilayətində yoxsulluq göstəricisi ölkə üzrə orta göstəricidən yüksək olub.
İqtisadçı Hüseyn Rağfər Fararo-ya bildirib ki, bu statistikaya diqqət yetirsək yoxsulluq indeksinin yüksəlişdə olduğunu görəcəyik, çünki “ölkə iqtisadiyyatı illərdir öz başına qalıb.” – deyə o bildirib.
Bu arada iqtisadçılar İsrail və İran arasında 12 günlük müharibənin iqtisadi nəticələrini əsas gətirərək, yoxsulluq indeksinin artacağı barədə xəbərdarlıq ediblər. “Müharibədən sonrakı dövrdə vəziyyət daha da mürəkkəbləşib və bəzi təşkilatlar, şirkətlər və fabriklər işçiləri ixtisar edir və ya müharibə zamanı bunu etdilər” – Hüseyn Rağfər deyib.
Onun sözlərinə görə, işsizlik səviyyəsi ilə yanaşı, inflyasiyanın da yüksəlməsi gözlənilir və “inflyasiyanın artması ən çox gözlənilən hadisələrdən biri olacaq”.
Qeyd edək ki, son həftələr İranda fəhlə və qulluqçuların işdən çıxarılması və ixtisar edilməsi ilə bağlı çoxsaylı xəbərlər dərc olunub.
Ali Əmək Şurasının üzvü Əli Xudayi iyulun 15-də Xəbər Onlayn saytına deyib: “İxtisarlar haqqında konkret statistika yoxdur… lakin şayiələrə görə, ixtisarların yüksək səviyyədə olduğu və maaşların ödənilmədiyi bildirilir.” – deyə o bildirib.