Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Dünyaİran

“İranın yalnız bir şansı qalır, o da…” – Tanınmış güneyli hüquq müdafiəçisindən vacib açıqlamalar

Xəbər verildiyi kimi, bu gün səhər saatlarında İsrail ordusu İranın nüvə zənginləşdirmə fəaliyyətinin əsas hissəsinə zərbə endirib və bununla yanaşı, ölkənin raket proqramını da hədəfə alıb. Hücum nəticəsində İranın bir sıra hərbi rütbəli şəxsi, nüvə alimləri öldürülüb.

İran Silahlı Qüvvələrinin Baş Qərargahının nümayəndəsi Əbülfəzl Şəkərçi İsrailə cavab zərbəsi endiriləcəyini bəyan edib.
İsrailin Baş naziri Benyamin Netanyahu hücumun səbəbləri barədə açıqlamasında bildirib ki, İran gizli şəkildə nüvə silahı komponentləri hazırlayırdı və bu şübhələrə görə İrana qarşı hava hücumları başladılıb.
ABŞ prezidenti Donald Tramp İrana hücumdan xəbərdar olduğunu və Tehranın cavab tədbirləri görəcəyi təqdirdə ABŞ-ın özünü, həmçinin İsraili müdafiə edəcəyini açıqlayıb.

Qeyd edək ki, İsrailin İrana hücumunun iki həftə davam etməsinin planlandığı açıqlanıb.

Mövzu ilə bağlı Globalinfo.az güneyli hüquq müdafiəçisi, Azərbaycan Mərkəz Partiyasının sədri, ANT televiziyasının qurucusu Saleh Kamranidən müsahibə alıb. Həmin müsahibəni təqdim edirik:

– Ötən gün mətbuatda İsrailin İrana hücum edəcəyi barədə məlumat yayılmışdı. İran bu hücuma hazır idimi? Çünki bir neçə yüksək hərbi rütbəli şəxslər və nüvə zənginləşdirilməsi sahəsində çalışan alimlər öldürülüb. Hətta Ali dini lider Xameneinin də hədəf ola biləcəyi deyilir.

– Bildiyiniz kimi, İranla İsrail arasında uzun müddətdir problemlər var. İran və ABŞ arasında davam edən nüvə zənginləşdirilməsinə dair müzakirələr daha kritik nöqtəyə gəlmişdi. İsrail yaxın zamanda İranın nüvə silahına sahib ola biləcəyini iddia edərək bu hücumu varlıq səbəbi və özünü müdafiə tədbiri hesab edir. Nüvə silahı məsələsi ilə bağlı müzakirələrdə təəssüf ki, hər hansı nəticə əldə olunmadı və qərar verildi ki, sabah da müzakirələrin yeni mərhələsi keçirilsin. Məlumata görə, İran bunu hələlik dayandırıb və bu hücumlarla qarşı-qarşıyayıq.

Xəbərlərdə də deyildiyi kimi bu hücumlarda mülki obyektlərə hər hansı bir zərbə endirilməyib və hədəflər tamamilə hərbi qərargahlar və hərbi vəzifəli şəxslərdir. İran rejiminə vurulan zərərlər barədə məlumat tam aydın olmasa da görünən odur ki, böyük zərbə endirilib və yaxın günlərdə bunun hansı həddə olduğunu görəcəyik.– İran iddia edir ki, İsrailə ABŞ yardım edir. ABŞ İranla danışıqların tərəfdarı olduğunu deyir. Eyni zamanda Tramp İsrailə hücum olarsa ABŞ-ın özünü və İsraili müdafiə edəcəyini açıqlayıb. İsrailin hücumu ümumiyyətlə nəyə hesablanıb? Bu, İranın nüvə zənginləşdirilməsi məsələsində təzyiqdirmi və bu sahədə İran geri addım atacaqmı? Müharibənin eskalasiya və genişlənməsi region üçün necə nəticələnə bilər?

– İranın və ABŞ-ın bu məsələdə istəkləri bir-birindən 180 dərəcə fərqlənir. ABŞ və İsrail İranın nüvə zənginləşdirilməsi fəaliyyətini tamamilə durdurmasını istəyir. İran bu məsələni özü üçün qırmızı xətt kimi müəyyənləşdirib və bunu müzakirə predmeti hesab etmir. Düşünürəm ki, ABŞ İrana təzyiqi artırmaqla, nəhayət, onu bu istəyindən vaz keçməyə razı salmaq istəyir. Hələ ki, ciddi şəkildə genişmiqyaslı müharibə riski var. Əgər bu müzakirələrdə nəticə əldə olunsa, bəlkə bu həmlələr dura bilər. Hərçənd ki, İranın Baş Qərargah rəisi, SEPAH-ın Baş komandanı və digər mühüm şəxslərin öldürülməsi də onu deməyə əsas verir ki, artıq müzakirələr üçün şans və fürsət görünmür. 2023-cü il oktyabrın 7-dən sonrakı hadisələr də onu göstərdi ki, İranın özünümüdafiə baxımdan texnoloji cəhətdən İsrail və onun müttəfiqləri qarşısında elə də gücə malik deyil. Hər bir mərhələdə və münaqişədə İran uduzur və bunu hər kəs görür. Bu ciddi məsələdir və İran üçün çıxış yolu ancaq müzakirələrdə bir nəticə əldə etməklə bu vəziyyətdən çıxa bilər. Əks təqdirdə, bu, həm rejim üçün ciddi nəticələr doğuracaq, həm də bölgədə və xüsusilə İranın özündə böyük bir savaşın başlayacağı ehtimalı yüksəkdir.

– İsrailin hücum etdiyi şəhərlər arasında Təbriz də var. Güney Azərbaycan şəhərləri və soydaşlarımız üçün hansı təhlükə yaranıb?

– Təbrizin vurulmasına gəlincə, xüsusilə bizim türkdilli xəbərlərdə – istər Azərbaycan, istərsə də Türkiyədə olsun – elə bir hiss yaranır ki, sanki yalnız Təbrizi vurublar və orada sivil insanlar ölüb. Belə bir şey yoxdur. İstər Təbriz, istərsə də Tehran və ya başqa şəhərlərdəki hərbi hədəflər və obyektlərə zərbə endirilib və ölənlər də hərbçilərdir.

Baş Qərargah rəisinin azərbaycanlı olması haqda rejimə bağlı sosial şəbəkələr və xəbər agentlikləri məlumat yayırlar. Bununla türklərin rejimi dəstəkləməsinə çalışırlar. Amma bu məsələdə İsrailin xüsusi olaraq türkləri və azərbaycanlıları hədəf aldığını demək olmaz.

– İran cavab zərbəsinə hazırlaşır. Bu zərbə kifayət qədər tutarlı olacaqmı?

– İranın Rusiya ilə strateji anlaşması olduğu deyilirdi, lakin bu hadisələr onu göstərdi ki, İranla Rusiya arasında bu mənada hər hansı strateji əməkdaşlıq yoxdur və İranın əlində lazımi müdafiə sistemləri mövcud deyil. Bu da baş verənlərin səbəblərindən biridir. Ancaq müzakirələrdə razılıq əldə olunmazsa azərbaycanlılar üçün çox ciddi nəticələr doğura bilər. Növbəti hücumlar ola bilər və bu, İranın daxilində Suriyadakı 12-14 il öncəki vəziyyəti yarada bilər. Nəzərə alaq ki, azərbaycanlıların siyasi fəaliyyətləri sivil xarakter daşıyır, əllərində silah yoxdur. Kürd terrorçu qrupları xüsusilə bizim qərbi Azərbaycanda ciddi problemlər yarada bilərlər və oradakı azərbaycanlıların həyatı və mülkiyyəti təhlükə altındadır. İranda Suriyadakı vəziyyətin yaranması həm azərbaycanlılara ciddi problem yarada bilər, həm də Azərbaycan və Türkiyə dövlətlərinə də ciddi mənfi nəticələri ola bilər. Buna hazırlıqlı olmaq lazımdır.

– İsrail hərbi əməliyyatların iki həftə davam edəcəyini deyib. İranı daha hansı təhlükələr gözləyir və hadisələr İran rejimi üçün necə nəticələnə bilər?

– İranın yalnız bir şansı var, o da budur ki, bu qarşıdurmada nüvə silahı əldə edə bilər. Bəzi xəbərlərə görə, İranın nüvə təsisatlarının bir qismi yerin altında 800 metr dərinlikdə yerləşir. İran bu fürsətdən istifadə edib nüvə silahına əl atarsa gedişatın nəticəsinə təsir edə bilər. Amma mən belə bir ehtimalın az olduğunu düşünürəm. Bu məsələ azərbaycanlılar, millətimiz baxımdan kritik və təhlükəli olmasını saxlamaqdadır.

Gülnar Səlimova
Globalinfo.az

Related Articles

Bir cavab yazın

Back to top button