
Aznews.tv “RFİ” saytına istinadən xəbər verir ki, Şəffaflıq və Ədalət Nəzarət Şurasının sədri və Məsləhət Şurasının üzvü Əhməd Təvəkkuli Ali Məhkəmə Orqanının rəisi İbrahim Rəisiyə ünvanladığı məktubda Qəzvinin Niavəran bölgəsinin kənd təsərrüfat ərazilərinin Təhlükəsizlik Nazirliyinin iki əməkdaşı tərəfindən mənimsənilməsi barədə qanun pozuntularına yol verildiyini ifşa edib.
Əhməd Təvəkkuli məktubda 2012-ci ildə Qəzvin şəhər Yol və Şəhərsalma İdarəsi tərəfindən Niyavəran bölgəsinin 45 hektar əkin ərazilərinin bir hissəsinin turizm layihəsi üçün ayrıldığını qeyd edib.
Sözügedən idarə layihə haqda tenderi Qəzvinin yerli qəzetlərindən birində dərc etmək əvəzinə tamamilə qanunsuz bir şəkildə Əhvaz şəhərinin yerli qəzetində yayımlayır. Nəticədə, Qəzvin Təhlükəsizlik İdarəsinin iki əməkdaşı [bir tenderin iddiaçıları] bununla bağlı müraciət edir və torpaq ərazisi onlara ayrılır.
Torpaq sahəsini əldə etdikdən sonra, sözügedən iki kəşfiyyatçı, torpaq sahəsini müqavilədə qeyd olunandan iki qata qədər artırmaqla yanaşı, həmin əraziyə bitişik əkin sahələrinin bir hissəsini də ələ keçirirlər. Daha sonra onlar qanunsuz olaraq ərazini 200-dən çox hissəyə bölərək, villa tikmək məqsədilə müxtəlif şəxslərə satıblar.
Məktubun digər hissəsində Əhməd Təvəkkuli Təhlükəsizlik nazirinin qanun pozuntusuna yol verən əməkdaşlarını dəstəkləməsindən təəccübləndiyini bildirib. Məktubun sonunda o, Ali Məhkəmə Orqanını günahkarları ciddi və sürətli şəkildə cəzalandırmağa çağırıb.
Aznews.tv