
Aznews.tv “BBC”yə istinadən xəbər verir ki, İraqda KİV-ə Dövlət Nəzarəti Komitəsi əl-Hurra televiziya kanalının fəaliyyətini üç ay müddətinə dayandırıb.
Komitə, əl-Hurra telekanalının fəaliyətinin dayandırılmasının səbəbinin “peşəkar yanaşma, balans və əsaslı faktların olmaması” olduğunu bildirib və “telekanalın mövqeyini islah etmək üçün lisenziyasının üç ay yarım müddətinə ləğv edilməsi və fəaliyyətinin dayandırılmasına” qərar verib. Mediaya Dövlət Nəzarəti Komitəsi telekanalı sənədli filmi nümayiş etdirdiyinə görə üzr istəməyə çağırır.
Telekanalın yayımının dayandırılmasına səbəb olan 12 dəqiqəlik sənədli filmdə bir sıra dini, şiə və ya sünni dini qurumlarının, o cümlədən İraqın əsas şiə alimlərindən olan Ayətullah Əli Sistani ilə əlaqəli bəzi qurumlarda korrupsiya və sui-istifadə halları barədə məlumat yer alır.
Sənədli filmdə sözügedən qurumların bəzilərinin yaraqlı qruplaşmalarla da sıx bağlı olduğu deyilir.
Proqramda korrupsiyada günahlandırılan sünni qurumlar sənədli filmin məzmununu rədd edərək, Əl-Hurra TV-yə qarşı iddia qaldırmaq niyyətində olduqlarını bildirib, lakin şiə qurumları hələlik bununla bağlı şərh verməyiblər.
Telekanalın üç aylıq lisenziyasının dayandırılması ilə yanaşı, Mediaya Dövlət Nəzarəti Komitəsi telekanalın “öz yanaşmasına yenidən baxmayanadək” fəaliyyətinin bərpa edilməsinə icazə verilməyəcəyini açıqlayıb.
Bu qərara cavab olaraq Əl-Hurra telekanalının rəhbərliyi sənədli filmin “ədalətli, peşəkar və balanslı” olduğunu bildirərək əlavə edib: “Sənədli filmin hazırlanması zamanı müvafiq şəxslərə və qurumlara cavab vermək üçün kifayət qədər imkan və şərait yaradılıb, lakin onlar telekanalın müraciətinə cavab verməkdən imtina ediblər”. Telekanal rəhbərliyi bildirib ki “biz hələ də bu qurumları sənədli filmin məzmunu ilə bağlı fikir bildirməyə və cavab verməyə dəvət edirik”.
Aznews.tv