Site icon Aznews TV

İsraildə hərbi vəziyyət elan edilib

Bildirilib ki, bununla əlaqədar ölkədə oktyabrın 7-nə nəzərdə tutulan bütün etiraz nümayişləri təxirə salınıb.

Qeyd olunub ki, raketlərin Təl-Əviv də daxil olmaqla İsrailin cənub və mərkəz rayonlarına düşməsi nəticəsində ölənlər və yaralananlar var.

Qeyri-rəsmi məlumatlara əsasən, naməlum silahlılar ölkə ərazisinə daxil olublar. Bəzi şəhərlərdə küçə döyüşlərinin getdiyi də vurğulanıb.

Hakimiyyət əhalini sığınacaqdan və təhlükəsiz yerlərdən çıxmamağa çağırır.

Qəzza zolağına nəzarət edən HƏMAS İsrailə qarşı “Əl-Əksa tufanı” adlı əməliyyata başladığını bildirib.

İsrailin özünü müdafiə ordusu müharibəyə hazırlıq vəziyyəti elan edib.

Məlumata görə, Qəzza zolağından 20 dəqiqə ərzində İsrailə 5000 raket buraxılıb.

İsrail ordusunun əsgərlərindən əsir götürüldüyünə dair xəbərlər də yayılıb. İsrailin müdafiə naziri Yoav Qalant ehtiyatda olanların kütləvi səfərbərliyini elan edib.

HƏMAS “böyük inqilab”ın başladığını bildirərək İsraildə və onun ətrafında yaşayan ərəbləri birləşməyə çağırıb. İranın dəstəklədiyi “İslami cihad” silahlı təşkilatının rəhbərliyi “Əl-Əksa” əməliyyatına qoşulduğunu açıqlayıb.

“Əl-Cəzirə”nın məlumatına əsasən, İsrail ordusu Qəzzadakı “Ərəz” nəzarət buraxılış məntəqəsinə nəzarəti itirib.

Qeyd edək ki, hərbi əməliyyat ərəb-İsrail müharibəsinin başlamasının 50-ci ildönümünə təsadüf edir.

Exit mobile version