
Aznews.tv “Azadlıq” radiosuna istinadən xəbər verir ki, avqustun 25 səhər saatlarında yarısına qədər İsrailin Dəməşqdə bir sıra obyektlərə hücumları və Beyrutdakı partlayışlar barədə məlumatlar yayılıb; İsrail Suriyadakı Quds qüvvələri və Şiə yaraqlılarının hədəflərinə hücum etdiyini açıqlayıb.
Son saatlarda Dəməşqdə və ətrafında partlayış barədə xəbərlərin yayılması ilə eyni vaxtda, İsrail ordusunun sözcüsü Suriyaya hücumu rəsmi olaraq təsdiqləyib.
İsrail ordusunun sözçüsü general Ronen Manlis, Quds qüvvələrinin planlı hücumunun qarşısını almaq üçün İsrail qoşunların “Dəməşqin cənubundakı Əqrəba kəndindəki mövqelərə hücum etdiklərini” söyləyib.
General Manlisin sözlərinə görə, İslam İnqilabı Keşikçiləri Korpusunun Quds qüvvələri cümə axşamı günü İsrailin şimalına pilotsuz uçuş aparatları vasitəsilə hücum etməyə hazırlaşırdı.
İsrail ordusunun digər sözçüsü “Associated Press”ə açıqlamasında Quds qüvvələri və onun dəstəklədiyi şiə yaraqlılarının İsrailə partlayıcı dronlarla hücum etməyə hazırlaşdıqlarını bildirib.
İsrailin Baş naziri Benyamin Netanyahu yeni əməliyyatı “geniş miqyaslı əməliyyat” kimi xarakterizə edib və Twitter hesabında bunun “Quds qüvvələri və şiə yaraqlılarının hücumunun qarşısını almaq üçün həyata keçirildiyini” vurğulayıb.
İsrail mediası Netanyahunun Suriyaya hücumlarından sonra Keria’dakı bir ordu qərargahına getdiyi barədə məlumat yayıb.
Aznews.tv