
Aznews.tv “Azadlıq Radiosu”na istinadən xəbər verir ki, ABŞ dövlət katibi Yaxın Şərq ölkələri arasında İranın Səudiyyə Ərəbistanının neft obyektlərinə hücumda məsuliyyəti ilə bağlı consensus əldə edildiyini bildirib.
Sentyabrın 19-da BƏƏ rəsmiləri ilə görüşmək üçün Əbu-Dabiyə səfər edən Mayk Pompeo eyni zamanda bölgədəki son hadisələrdən sonra ABŞ-ın sülh naminə koalisiya yaratmaq üçün çalışdığını vurğulayıb.
“Mənim missiyam sülh yolu ilə bir çıxış yolu əldə etmək üçün koalisiya formalaşdırmaqdır. ABŞ prezidentinin istədiyi budur və ümid edirəm ki, İslam Respublikası da məsələyə belə yanaşır”,- deyə o əlavə edib.
Bununla belə, Pompeo son hücumlara necə reaksiya veriləcəyi ilə bağlı ABŞ Prezidenti Donald Trampa “vacib məlumatlar” təqdim edəcəyini bildirib.
Pompeo həmçinin Məhəmməd Cavad Zərifin son açıqlamalarına cavab verərək deyib ki, mən bura diplomatiya üçün gəlmişəm, amma “İranın xarici işlər naziri tammiqyaslı müharibə və bu müharibənin son amerikalıya qədər davam edəcəyi ilə bağlı təhdid edir”.
CNN-ə açıqlama verən İran Xarici işlər naziri, bu ölkəyə qarşı hərbi əməliyyata başlanılacağı təqdirdə, geniş miqyaslı bir müharibə olacağını və Səudiyyə Ərəbistanının “son amerikalı əsgərə” qədər döyüşməli olduğunu ilə bağlı təhdid edib.
Mayk Pompeo habelə İran hökumətinə pul verilərsə, davranışlarının “dinc xarakterli” olacağı ilə bağlı fikirlərə qarşı çıxaraq deyib: “Bu səhv bir fərziyyədir. İran terrorizmə dəstək verməyə davam edir. Vaşinqton İran hökumətinin pul əldə etməsinə mane olmaqla, bu ölkənin Livanın Hizbullah qruplaşmasına göstərdiyi yardımın qarşısını almaq istəyir”.
Aznews.tv