Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
AzərbaycanDünyaİran

Qacarların həqiqi varisi ortaya çıxdı – Əhməd Şahın nəticəsi ilə ÖZƏL MÜSAHİBƏ

Globalinfo.az Məryəm Faruqi Qacarla müsahibəni təqdim edir:

Qacarların həqiqi varisi ortaya çıxdı – Əhməd Şahın nəticəsi ilə ÖZƏL MÜSAHİBƏ

 

– Əvvəlcə özünüz haqqında məlumat verərdiniz.

– Adım Məryəm Faruqi Qacardır. Parisdə doğulmuşam. Anam fransız, atam təbrizlidir. Uşaqlığım əsasən Fransada keçib, ali təhsili isə İngiltərədə almışam və iqtisadiyyat ixtisası üzrə məzun olmuşam. Bir müddət Londonda JP Morgan şirkətində maliyyə sahəsində çalışdım, daha sonra öz texnologiya şirkətimi yaratdım. Hazırda həyat yoldaşımla Londonda yaşayıram.

– Siz Qacar sülaləsinin son hökmdarı Sultan Əhməd Şah Qacarın nəticəsisiniz. Bugünədək hardasa Qacar olmağınızdan söz açmısınızmı? Qacar ailəsinin tanınan siması kimi Babək Qacar haqda eşitmişik. Siz onun ailənizə mənsub olmadığını deyirsiniz. İrəvan xanlığının varisi kimi tanınan Əmir Əli Sərdar haqqında nə deyə bilərsiniz? Onlarla şəxsi tanışlığınız varmı?

– Əhməd Şahın dörd övladı olub: üç qız və bir oğlan – ardıcıllıqla Məryəmdöxt, İrandöxt, Homayundöxt və Fereydun Mirzə. Bu dörd şəxsin ümumilikdə 13 nəvəsi olub, onların arasında mənim atam da var – o, Əhməd Şahın ikinci qızı İrandöxtün oğludur. Hazırda biz 11 nəticəyik və siyasətlə ciddi maraqlanan yeganə şəxs mənəm. İrandöxtün mənim nənəm olduğunu sənədlərlə sübut edə bilərəm.

Mənim əsas arqumentim budur: Qacarların yeddi şahı olub və bu sülalənin legitim varisləri məntiq etibarilə son hökmran şah – Əhməd Şah Qacardan törəmələrdir. Babək Qacar adlanan şəxs (bu onun əsl adı deyil) təxminən 9 il əvvəl ailə assosiasiyamızla əlaqə saxlayaraq özünü Qacarların ikinci şahı Fətəli Şahın nəvəsi kimi təqdim etdi. Halbuki Fətəli Şahın 170 övladı olub və bu gün onun 15 minə yaxın nəvəsi var. Bu qədər böyük bir nəsil içində yalnız bəzi qollar dövlətçilik baxımından əhəmiyyət daşıyıb və bunlar bizə məlumdur. Ona görə də ondan şəcərə ağacını və sənədlərlə sübut istədik, lakin heç bir dəlil təqdim edə bilmədi. Bir müddət sonra isə onu Qacar dövrünə aid geyimdə özünü şahzadə kimi təqdim edən fotolarda gördük.

Əmir Əli Sərdar İrəvanini şəxsən tanıyıram. O, Qacar nəslindəndir, lakin Qacar varisi sayıla bilməz. Çünki onun əcdadı Qacarların üçüncü şahının bacısıdır və bildiyiniz kimi Qacar varisliyi yalnız kişi xətti ilə ötürülürdü. Onun qolu üçüncü şahdan ayrılır, birbaşa şah xətti isə daha dörd şah boyunca davam edib və 1925-ci ildə sona çatıb. Bununla belə, onun əcdadları Qacar dövründə vali və digər siyasi vəzifələrdə çalışıblar.

– İran coğrafiyasında türklər təxminən min il hakimiyyətdə olublar. Sonuncu türk sülaləsi olan Qacarlar türkmən tayfası idi və Səfəvi dövlətinin qurulmasında iştirak etmişdilər. Rza Pəhləvi dövründən etibarən türk kimliyinə qarşı irqçi siyasət yürüdüldü. Qacarların varisi olaraq, İran türklərinin taleyi sizi narahat edirmi? Cənubi azərbaycanlıların milli-mədəni hüquqlarının qorunması sahəsində fəaliyyətiniz olubmu?

– Avropada böyüsəm də, atamın 1998-ci ildə vəfatından sonra ailə irsimə daha çox yaxınlaşmaq qərarına gəldim. Atam uşaqlıqda mənə Qacarların türkmən olması, at belində döyüşməsi barədə hekayələr danışardı. Lakin sonradan gördüm ki, yaşayan Qacarların əksəriyyəti Tehranda böyüyüb və fars mədəniyyətinə assimilyasiya olunublar.

Pəhləvilərin Qacar tarixini necə təhrif etdiyini bilirdim və sırf Qacar olduğum üçün təhqirlərə məruz qalmışdım. Atamın sözləri məndə dərin iz buraxdı: “Türklər bizim xalqımızdır, İran isə Pəhləvilərin yaratdığı süni konstruksiyadır”. Bu fikir zamanla məni İran türklərinin hüquqları uğrunda fəaliyyətə sövq etdi və bu gün bu məqsədlə təşəbbüs başlatmışam.

– Səməd Vurğunun “Vaqif” əsərində Ağa Məhəmməd Şah Qacar zalım hökmdar kimi təqdim olunur. Buna münasibətiniz necədi?

Qacarların həqiqi varisi ortaya çıxdı – Əhməd Şahın nəticəsi ilə ÖZƏL MÜSAHİBƏFotoda sağdakı şəxs Sultan Əhməd Şahın qardaşı oğlu, xanədanın sonuncu başqanı Sultan Əli Qacardır, 2012-ci ildə vəfat edib.

– Pəhləvilər də eyni siyasəti apararaq Qacarları gözdən salmağa çalışıblar. Son türk sülaləsi türk gücünün simvolu idi və yeni kimlik yaratmaq üçün təhqir edilməli idi. Ağa Məhəmməd Şah yüzlərlə tayfanı birləşdirərək dövlət qurdu. Bu prosesi zorakılıqsız həyata keçirmək mümkün deyildi.

– Bu gün İranda kütləvi etirazlar baş verir. Rejim haqqında nə düşünürsünüz?

– İllərlə yanlış idarəetmə, sosial bərabərsizliyin artması, resursların səmərəsiz istifadəsi etirazların əsas səbəbləridir. Etirazlar bəzən siyasi məqsədlərlə sui-istifadə olunur və nəticədə çoxlu insan həlak olur.

– Sizcə, rejim dağılacaqmı? Müharibə Cənubi Azərbaycan üçün nə demək olar?

– Üç ssenari var: Monarxiyanın qayıdışı – bu, çox zəif ehtimaldır. İkincisi, Rusiya modeli, yəni formal dəyişiklik. Və federal dövlət – Cənubi Azərbaycan üçün ən uyğun variant budur.

– Rza Pəhləvinin hakimiyyətə gəlməsi ehtimalı varmı?

– İsrail üçün əsas məqsəd İranın regional siyasətinin dəyişməsidir. ABŞ isə müharibəyə maraqlı deyil. Lakin Pəhləvinin dönüşü qeyri-mümkündür.

Qacarların həqiqi varisi ortaya çıxdı – Əhməd Şahın nəticəsi ilə ÖZƏL MÜSAHİBƏ– İran türklərinin səsini beynəlxalq səviyyədə çatdırmaq niyyətiniz varmı?

– Uzun illər assimilyasiya siyasəti aparılıb. Son illər isə Azərbaycan türklərinin milli şüuru güclənir və bu prosesdə fəallar mühüm rol oynayır.

– Qacar Fondu haqqında məlumat verərdinizmi?

– Qacar Fondu Londonda yerləşən, Cənubi azərbaycanlıların mədəni, sosial və iqtisadi inkişafına xidmət edən təşkilatdır. Məqsədimiz istedadlı şəxslərə dəstək vermək, onların milli kimliyini qorumaq və inkişaf imkanlarını artırmaqdır.

– Azərbaycan və Qarabağ haqqında nə düşünürsünüz?

– Azərbaycan kiçik ölkə olsa da, qlobal gücə çevrilməyi bacarıb. Qarabağda əldə olunan sülh Azərbaycanın diplomatik uğurudur. Azərbaycana getməmişəm, lakin çox istəyirəm.

Gülnar Səlimova
Globalinfo.az
İstanbul

Related Articles

Bir cavab yazın

Back to top button