Azərbaycan

Bu gün bahar bayramıdır

Bu gün Azərbaycanda Bahar bayramı qeyd olunur. Türk xalqlarının ənənələrindən olan Bahar bayramı yazın gəlişinin müjədəçisi hesab edilir. Baharın yurdumuza budəfəki gəlişi isə özünəməxsusluğu ilə seçilir. Belə ki, bu bayram Azərbaycanın şanlı ordusunun Vətən müharibəsindəki tarixi qələbəsi, 30 illik ayrılıqdan sonra doğma Qarabağımıza qovuşmağımızla əlamətdardır. Bu səbəbdən də xalqımız builki Bahar bayramını ikiqat sevinc, baş ucalığı və yüksək əhvali-ruhiyyə ilə qeyd edir.

Bu il Azərbaycana yaz fəslinin gəlişi marsın 20-si saat 13:37-ə təsadüf edir. Bahar bayramının qeyd edilməsi yeni ilin, yazın ilk gününün qarşılanması anlamına gəlir. Bu bayram 2009-cu il septambrın 30-da YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib.

Bahar bayramının tarixi qədim zamanlara təsadüf edir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə xarakterizə edirlər. Qədim inanclara görə, kainat 4 ünsürdən – su, od, torpaq və küləkdən yaranıb. Məhz bu səbəbdən də hər il Bahar bayramından əvvəl 4 çərşənbə qeyd olunur.

Bu bayramın özünəməxsus adət-ənənələri sırasına qurşaq atmaq, qulaq falına çıxmaq, tonqalın üzərindən tullanmaq, səməni yetişdirmək, xonça bəzəmək, yumurta döyüşdürmək, yallı getmək, Novruz oyunları oynamaq və s. daxildir. Ənənəyə görə, qapıya atılan qurşağı boş qaytarmazlar, gizlin dinlənən evdən xoş söhbət eşidilərsə, bu, arzunun yerinə yetəcəyinə işarədir. Qonşuların və yaxınların evinə qonaq getmək, onlara bayram sovqatı aparmaq isə bayramın ən vacib ünsürlərindən hesab edilir.

Bahar bayramı bütün dünyada 300 milyondan artıq insan tərəfindən yeni ilin başlanğıcı kimi qəbul olunur. Artıq 3 min ildir ki, bu bayram Balkanlarda, Qara dəniz hövzəsi bölgəsində, Qafqazda, Mərkəzi Asiyada, Yaxın Şərqdə və başqa bölgələrdə qeyd edilir. Bu bayram xalqın ortaq duyğu və düşüncələrini dilə gətirən, türk kültürünün qorunub yaşadılmasında əhəmiyyətli yeri olan qədim el bayramımızdır.

Yaz çiçəkləri tək təravətli Bahar bayramımız mübarək!

Related Articles

Bir cavab yazın

Back to top button