Azərbaycan

Məşhur yazıçıdan Azərbaycana zəfər təbriki

Qardaş Qazaxıstanın Əməkdar incəsənət xadimi, ustad yazıçı Əhmədcan Əşiri Azərbaycan dövlətinin öz torpaqlarını işğaldan azad etməsinə münasibət bildirib.
Ustad Əhmətcan Əşiri qardaş Qazaxıstanda doğulan və yaşayan uyğur ədəbiy­yatçılarındandır; 1938-ci ildə Almata şəhərinin Şelek rayonunun Malıbay kəndində doğulub. Panfilov Kollecindən və Qazax Dövlət Universitetinin Filologiya fakultəsindən məzun olub. Qazaxıstan Yazıçılar Birliyi Uyğur Ədəbiyyatı bölümünün başqanı və Qazaxıstan Yazıçılar Birliyinin Başqan müavini vəzifələrində çalışıb.
Ədəbiyyat-sənət həyatına 1956-cı ildən etibarən başlayan Ə.Əşirinin əsərləri qardaş dillərə – Qazax, Qırğız, Özbək, Türk, eləcə də, Rus, Ukrayna dillərinə çevrilib. Ustad yazıçı çağdaş Qazaxıstan ədəbi mühitində önəmli yerə sahibdir. Özəlliklə, tarixi romanları ilə məşhurlaşmışdır. “Ölməyənlər”, “Muğamçı”, “Tikan”, “İdikut” piyesləri Qazaxıstan Dövlət Uyğur Musiqi Teatrında oynanmaqdadır.
Müəllif müxtəlif təltiflərə, o cümlədən “Astana” medalına, “İlham” mükafatına layiq görülüb.
Əhməd Əşirinin məş.hur “İDİKUT” romanı Azərbaycancaya çevrilərək, Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB) tərəfindən (Qazax Xalqı Assamb­leyasının dəstəyi ilə) bu il Bakıda yayımlanıb.
DGTYB Məsləhət Şurasının üzvü olan Əhmədcan Əşiri bugünlərdə Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü seçilib.
Ustad Əhmədcan Əşiriyə möhkəm can sağlığı, yeni yaradıcılıq uğurları diləyir, Azərbaycana həssas münasibətinə görə çox təşəkkür edirik!
Əkbər Qoşalı
***
ZƏFƏR AZƏRBAYCANINDIR
Keçmiş yüzillikdə Sovetlər dönəmində ölkələrin özünə aid toprağı vardı; xəritədə bu formada çəkilmişdi. 1991-ci ildə bu ölkələr müstəqillik qazandı və öz torpaqlarına sahib çıxdı. Ancaq o dövrdə Rusiyada, Çeçenistanda bir münaqişə vardı. Tacikistan da böyük bir böhran keçirdi. Digər tərəfdən, Abxaziyadakı qara duman qonşu ölkələrə də təsir etməyə başladı. Keçmişdən bəri davam edən qarşıdurmalar Ermənistanla Azərbaycan arasında fərqli bir ölçüyə çatdı və Dağlıq Qarabağ müharibəsinə çevrildi. O ağrılı günlərdə güclərin tarazlığı və tarixi problemlər nəticəsində Qarabağ Ermənistanın qanunsuz nəzarətinə keçdi və azərbaycanlı qardaşlarımız ciyərlərindən qopmuş kimi bir hala düşdü…
Günümüzdə bir çox qardaş və qonşu ölkə dövlət müstəqilliyinin, suverenliyinin otuzuncu ilini yaşamaqdadır. O gündən bu günə bir-birindən qopan millətlər həsrət yaşadı. Qarabağ sanki yetim övlad müamiləsi görərək qəlbi daş olan Ermənistanın əlində qaldı. Azərbaycan höküməti hər nə qədər BMT kimi xalqlararası təşkilatlara müraciət etmiş olsa da, Qarabağ ana vətəninə geri verilmədi. Əslində, Qarabağ Azərbaycanındır, Azərbaycanın ta özüdür. Bəlli olduğu kimi, ermənilər qəbul etmədi, xalqlararası təşkilatların səmimiyyətsiz təklifləri də sonucsuz qaldı. Bugün də gördüyümüz qədəri ilə öz torpaq davasına sahib çıxan qardaş Azərbaycan, bütün dünyaya bu anlaşmazlıq olayını duyuraraq, mücadilə verməkdədir. Bu mücadilə, müstəqillik, torpaq bütünlüyü və türk dün­yasının qədərini müəyyənləşdirən və yaxından maraqlandıran bir müca­dilədir.
Dağlıq Qarabağ keçmişdən bu yana qədim türk millətinin, yəni Azərbaycanın toprağıdır. Zatən, SSRİ dönəmində də Azərbaycanın sahib olduğu toprağıydı. Fəqət nə acıdır ki bu məsələ sanki bir qanqren xəstəliyinə dönüş­dü­rülmüşdü. Ermənilər bunun bilincində olaraq, fürsətçilik edərək, dünya yeni düzənə girdiyi həngamədə Dağlıq Qarabağı işğal etdi. Bugünlərdə gördüyümüz qədəriylə hər bir haqlı ölkə kimi Azərbaycan da öz vətənini qorumaq üçün savaşa girişdi. Hər nə qədər bugün tərəflər anlaşmaya imza atmış olsa da, bu məsələ nəhayi sonucuna varmamışdır; amma keçmişə görə Azərbaycan cəsur və tarixi önəmi olan addım atmışdır. Üzünü qaraltmadan, tamamən qərarlı və əzimli bir şəkildə haqsızlığa qarşı durmaqdadır. Zəfər həmişə qardaş Azərbaycanın olsun! Bu bizim sadəcə diləyimiz deyil, həm də xəyalımız və inamımızdır. Təbii ki, bir yazar olaraq mən qan tökülməsini, çatışmaları istəmirəm. Barış görüşmələri ilə, diplomatik çözümlər aracılığıyla Dağlıq Qarabağın tam olaraq ana vətəninə geri verilməsini həmişə arzu etmişəm. Təəssüf ki, bu məsələ otuz ildir çözümə qovuşmamışdı. Buna görə ədaləti gözləyən baxışımla və gerçəyə dayanaraq Qarabağın tamamən Azərbaycanın hakimiyyətinə keçməsini gözləyirəm. Əgər dünya birliyi bu mövzuda sağlam şəkildə hərəkət etməzsə, nəticə etibarı ilə bundan yenə Azərbaycan qazanclı çıxacaqdır; çünkü haqq Azərbaycan tərəfdədir. Gələcək nəsillər bunu hər zaman gündəmə gətirəcək və bu məsələnin çözümə qovuşdurulmasına əngəl olan ölkələrin üzünə tüpürəcəkdir. Buna görə mən cəsur türk millətinin, comərd Azərbaycan xalqının haqqının tanınması xüsusunda və müstəqilliyini möhkəmləndirmə yolundakı mücadiləsinə hər zaman dəstəkçiyəm.
Mən hər zaman xəritədə Qarabağa baxardım, Qarabağın öz xalqına verilməsini xəyal edərdim. Hər zaman, ədaləti ayaq altına alan, güc göstərən, göbək oynadan, zülüm yapan ölkə və millətlərə qarşı olmuşam. Dünyanı məngirləyən dövlətlər ədalətdən ayrılarsa, gerçək və həqiqətin bayrağı düşürülərsə, hüzur gedər, barış gözdən uzaq olar… İnsanlıq həyatında çatışma və şiddət olmaması lazımdır. İnsanlığın həyatı, Abayın “İnsanlığı sev, “Qardaşım!” deyərək sev” öyüdünə qulaq asması gərəkdir. Ona görə adil qərarlar və barışı təmin edən anlaşmalar alqışlanmalıdır.
Müstəqillik yolunda torpaq bütünlüyünü qoruyan Azərbaycanlı qardaş­la­rıma hər zaman böyük zəfər diləyirəm!
(Almatı, 11 noyabr 2020)
Əhmədcan ƏŞİRİ
Yazıçı, Əməkdar incəsənət xadimi (Qazaxıstan)

 

Related Articles

Bir cavab yazın

Back to top button