Azərbaycan

Qərbi Azərbaycanda torpaq çökməsi təhlükəli səviyyəyə çatıb

Qərbi Azərbaycan əyalətində torpaq çökməsi təhlükəli səviyyəyə çatıb.

Son vaxtlar əyalətin üç düzündə geniş miqyasda torpaq çökməsi qeydə alınıb.

Hazırda Qərbi Azərbaycanda Urmu, Xoy və Salmas düzündə sürüşmə və torpaq çökməsi ekoloqların narahatlığına səbəb olub.

Onlar bunu əyalətdə özəlliklə son illərdə ardıcıl quraqlıq, iqlim dəyişikliyi və yeraltı su qaynaqlarından qeyri-standart istifadə ilə əlaqələndirirlər.

Xoy və Çaypara şəhərlərinin İran parlamentindəki nümayəndəsi Adil Nəcəfzadə Xoy düzündə hər il ortalama 12 santimetr torpaq çökməsinin qeydə alındığını deyib və bunun yaxın gələcəkdə təhlükəli ekoloji problemə çevriləcəyi barədə xəbərdarlıq edib.

“Düzdə baş verən çökmənin bir hissəsi Xoy şəhərinin yerləşdiyi ərazini əhatə edir. Bundan artıq çökmə baş verərsə yeraltı boşluqların aktivləşməsi nəticəsində şəhər ciddi böhran və dağıntılarla üz-üzə qala, yaşayış yerləri məhv ola bilər”-deyə, Nəcəfzadə bildirib.

Bundan bir müddət öncə İranın şimal-qərb bölgəsinin Geologiya və Mineral Kəşfiyyat Təşkilatının başçısı Əbdülhəmid Sərtipi yeraltı suların tükənməsi nəticəsində Xoy, Salmas və Urmu çöllərində torpaq çökməsinin təhlükəli səviyyəyə çatması barədə danışmışdı.

“Geoloji tədqiqatlar sahəsində “yerin gizli ölümü” adlandırılan torpaq çökməsi  nəticəsində Qərbi Azərbaycan əyalətinin 3 düzənliyinin şəhər və şəhərətrafı infrastrukturu, yolları və digər infrastrukturunu təhlükə altına salıb”-deyə, Sərtipi adı çəkilən bölgələrdə torpaq çökməsinin böhran səviyyəsinə çatdığı barədə xəbərdarlıq edib.

Xoy mahalının fərmandarı Hüseyn Abbası bildirib ki, tədqiqatçıların dediyinə görə hal-hazırda Xoy düzünün 140 kvadrat kilometrə sahəsi torpaq çökməsi təhlükəsi ilə qarşılaşıb.

Fevralın 14-də isə İranın Yollar və Şəhərsalma Nazirliyinin Tədqiqat Mərkəzinin seysmik mühəndislik və risk şöbəsinin rəhbəri Əli Beytullahi Urmu gölünün sahilyanı ərazisində, torpaq çökməsi və sürüşmənin baş verdiyini barədə məlumat yayıb.

“Çökmənin çimərliklər, göllər və limanlar boyunca baş verməsi inandırıcı olmasada təəssüf ki, son çöl tədqiqatlarına əsaslanaraq Urmu gölünün şərq sahillərində, Dizəc Xəlil ilə Şərəfxanə limanı arasındakı ərazidə çatlar aşkar etdik.

Bölgənin 2 km-də çatlar və çökmə boşluqları qeydə alınıb”-deyə, Beytullahı özünün sosial media hesabında yazıb.

 

Related Articles

Bir cavab yazın

Back to top button