Dünya

“Ukrayna yenidən hücuma keçə bilər” – “Bu mövqelərdən Krıma cəmi 60 kilometrdir”

Məlum olduğu kimi, bütün səylərinə və böyük itkilərə rəğmən Rusiyanın bir neçə aydır Avdeyevka və Xarkov istiqamətində davam edən hücumu heç bir ciddi nəticə vermir. Ona görə əvvəllər də olduğu kimi, cəbhədəki uğursuzluğun heyfini Ukraynanın dinc əhalisini, mülki infrastrukturunu raket atəşinə tutmaqla çıxmağa çalışır. Müdafiəyə çəkilən Ukrayna tərəfi isə Qərbin yeni silah və maliyyə yardımını gözləyir.

“Aznewstv” xəbər verir ki, Almaniyanın “Welt” nəşri Ukrayna ordusunun yaxın aylarda əks-hücuma keçəcəyini bildirib: “Ukrayna ”F-16” təyyarələrini aldıqdan sonra hücuma keçə bilər. Bu, yaxın aylarda baş verə bilər”.

Yazıda qeyd olunur ki, Ukrayna Norveçdən “F-16”-lar almağa hazırlaşır. Nəşr xatırladıb ki, Ukrayna qoşunları Xerson vilayətinin Dnepr çayının sol sahilindəki Krınki yaşayış məntəqəsi yaxınlığında yaratdığı platsdarmı əldə saxlaya bilir. Oradan isə ilhaq edilmiş Krım yarımadasına qədər məsafə cəmi 60 kilometrdir.

Jurnalistlər onu da vurğulayıblar ki, Krım rusiyalılar üçün ən problemli bölgələrdən biri olaraq qalır. Belə ki, Ukrayna son günlər yenidən yarımadadakı Rusiya Hərbi Hava Qüvvələri bazasına uğurlu zərbələr endirməyə nail olub. Ukrayna Silahlı Qüvvələri hava hücumundan müdafiə və radiolokasiya stansiyalarını da fəal şəkildə məhv edir.

Xatırladaq ki, Ukraynanın bu ilin yaz-yay aylarında həyata keçirdiyi əks-hücumun uğursuz alınmasının əsas səbəblərindən biri məhz güclü hərbi aviasiyasının olmaması idi. Havadan dəstək olmadan isə müasir müharibələrdə uğur qazanmaq mümkünsüzdür.

ABŞ Müharibə Araşdırmaları İnstitutunun məlumatına görə, Ukrayna Silahlı Qüvvələri “F-16” qırıcılarının ilk partiyasını əvvəl planlaşdırılandan xeyli tez ala bilər. Hollandiya başda olmaqla, artıq bir neçə Avropa ölkəsi yaxın zamanda Ukraynaya “F-16”-ları ötürəcəklərini bəyan edib.

Related Articles

Bir cavab yazın

Back to top button