Dünya

Tramp Con Boltonu vəzifədən azad etdi

Sərt, barışmaz mövqeyi ilə tanınan və xarici siyasət aləmində “şahin” ləqəbi ilə tanınan müşavir Ağ Evdən yola salınıb.

Aznews.tv “Reuters” xəbər agentliyinə istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonu vəzifədən azad edib.

“Dünən gecə Con Boltona dedim ki, Ağ Evdə artıq onun xidmətinə ehtiyac yoxdur. Onun bir çox təkliflərinə ciddi şəkildə qarşı idim. Təkcə mən yox, Ağ Evdə başqaları da ona qarşı mövqedə olub”, – deyə, Tramp Tvitter hesabında yazıb.

Bolton Donald Tramp ABŞ prezidenti seçiləndən sonra bu vəzifədən azad etdiyi üçüncü milli təhlükəsizlik məsələləri üzrə müşaviridir. ABŞ ilə Şimali Koreya arasında danışıqlar gedərkən Bolton bu ölkəyə tətbiq olunan təzyiqlərin azalmasına qarşı olub. Eyni zamanda İrana qarşı atılan sərt addımların tərəfdaşı olub. Prezidenti Rusiyaya, son zamanlar isə Əfqanıstan məsələləri üzrə daha sərt mövqe tutmağa təşviq edib.

Bolton ilə ABŞ prezidentinə sadiq olan Dövlət katibi Mayk Pompeo arasında da bəzi fikir ayrılığı olduğu iddia edilir.

“Dünya liderləri artıq bunu bilir ki, heç kim Donald Trumpun siyasətlərinə əlamətdar dərəcədə təsir göstərmək iqtidarında deyil”, – Pompeo bu barədə danışarkən deyib.

Digər tərəfdən isə Con Bolton Tvitter hesabında məsələyə başqa formada münasibət bildirib:

“Dünən gecə prezident Trumpa istefaya çıxmağı təklif etdim, o isə mənə dedi ki, bu barədə sabah danışaq”.

Qeyd edək ki, Con Bolton keçmiş respublikaçı prezidentlər dövründə də müxtəlif vəzifələrdə olub. O cümlədən, Corc Buş zamanı ABŞ-ın BMT-dəki daimi nümayəndəsi olub. O, öz sərt və barışmaz mövqeləri ilə tanınır. İraq və Əfqanıstan müharibəsinin başlanmasında onun rolu olduğu iddia edilir.

Daha çox göstər

Əlaqədar məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button