Mərasimdə mərhum şairin ailə üzvləri, ədəbiyyatsevərlər, şair və yazıçılar, eləcə də jurnalistlər və çox sayda azərbaycanlı fəal iştirak edib.
Mərasimdə çıxış edən şair, yazıçı, tədqiqatçı və Yaz nəşriyyatının direktoru Bəhram Əsədi, eləcə də Qərbi Azərbaycanda ədəbiyyat aləminin öncüllərindən Həmid Vahidi şairin ailəsi, yaxınları və ədəbiyyatsevərlərə başsağlığı verməklə mərhum şairi sayğı ilə anıblar.
Qeyd edək ki, azərbaycanlı şair Əli Nişani yanvarın 3-də 96 yaşında Urmiyada vəfat edib.
O, 1926-cı ildə Azərbaycanın Qazax rayonunda anadan olmuşdu. O, 1933-cü ildə ailəsi ilə birgə Güney Azərbaycanın Urmiya şəhərinə mühacirət etmək məcburiyyətində qalmışdı.
O, gənc yaşlarında siyasi və mədəni fəaliyyətlərinə görə Tehran hökuməti tərəfindən Loristan və Yəzd əyalətlərinə sürgün edilmişdi.
Yeniyetmə yaşlarından ədəbi yaradıcılıqla məşğul olan şairin əsərləri 1945-46-cı illərdə Cənubi Azərbaycan Milli Hökumətinin media orqanlarından olan “Vətən yolunda” qəzeti və Şairlər Məclisinin almanaxlarında nəşr edilmişdi.
Əli Nişaninin “Bağban qızı”, “Gəl gedək bəndə” və s. şeirlərinə mahnılar da bəstələnib.