
Aznews.tv “Azadlıq radiosu”na istinadən xəbər verir ki, Yəməndəki Husi üsyançıları sentyabrın 18-də BƏƏ-ni bu ölkədəki onlarla nöqtəyə, o cümlədən çoxsaylı göydələnlərin yerləşdiyi Dubay və Abu Dabi şəhərlərinə hücum edəcəkləri ilə hədələyiblər.
“Biz elan edirik … ki, Birləşmiş Ərəb Əmirliklərində, o cümlədən Dubay və Əbu-Dabi şəhərlərində hər an hücuma məruz qala biləcək bir neçə hədəfimiz var”,- deyə İranın dəstəklədiyi Husilərin hərbi sözçüsü general Yəhya Səri bildirib.
Birləşmiş Ərəb Əmirlikləri husilərə qarşı müharibədə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya ölkələrindən biridir.
General daha sonra qeyd edib: “Əgər siz bir drona tab gətirməyən neft obyetklərinizin və şüşə göydələnlərinizin sülh və təhlükəsizliyini istəyirsinizsə, Yəməni tərk edin”.
Husilər əvvəllər Birləşmiş Ərəb Əmirliklərini hücumla təhdid etmiş və hücumlara görə məsuliyyəti öz üzərlərinə götürmüşdülər.
Qeyd edək ki, Husi silahlı üsyançıları bu həftənin şənbə günü Səudiyyə Ərəbistanının Boqəyq və Xorəys neft sahəsindəki obyektlərinin pilotsuz təyyarələr tərəfindən hədəfə alındığını iddia edib, lakin Vaşinqton hücumların İran tərəfindən törədildiyini bildirib.
Aznews.tv