İqtisadiyyat

Azərbaycanda yeni qızıl yatağının istismarına başlanıldı

“AzerGold” Daşkəsən rayonunda yerləşən “Ağyoxuş” qızıl yatağından hasilata başlayıb. Bu barədə cəmiyyətin məlunmatında deyilir.

““AzerGold 2017-ci ildə kəşf edilən “Ağyoxuş” qızıl yatağını istismara verib. Yataqda süxurların ilk dəfə partladılması prosesi həyata keçirilib. Partladılan filizlər emal üçün Çovdar İnteqrəedilmiş Regional Emal Sahəsinə daşınıb və buradakı mövcud emal xətti və digər istehsal infrastrukturundan istifadə edilməklə ilk dəfə emal edilib”, – deyə məlumatda bildirilir.

“AzerGold” QSC-nin sədri Zakir İbrahimovun sözlərinə görə, hazırda “Ağyoxuş” yatağının birinci mərhələsi üzrə hasilat işlərinə başlanılır.

““Ağyoxuş” yatağının işlənməsi üç istismar mərhələsindən ibarət olacaq (“Ağyoxuş 1”, “Ağyoxuş 2” və “Ağyoxuş 3”) və bütün mərhələlərin icrası Çovdar İnteqrəedilmiş Regional Emal Sahəsində həyata keçiriləcək.

2022-ci ilin sonuna qədər “Ağyoxuş” yatağının üç mərhələsi ilə yanaşı, “Çovdar” yatağının sulfid hissəsi üzrə hasilatından, eləcə də yaxınlıqda yerləşən digər – “Mərəh”, “Tülallar”, “Narçala” yataqlarının istismarından əldə ediləcək filizlərin də məhz burada emal edilməsi nəzərdə tutulur”, – deyə məlumatda qeyd olunur.

“Ağyoxuş” layihəsinin icrası bölgənin sosial-iqtisadi inkişafına mühüm töhfələr verəcək. Yatağın bütün mərhələlərinin istismarı çərçivəsində 100-dən çox daimi iş yerinin açılması planlaşdırılır.

“Yataq cari ilin iyun ayında Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən faydalı qazıntı ehtiyatları üzrə dövlət balansına daxil edilib. “Ağyoxuş” nisbətən kiçik yataq hesab edilsə də, hazırda fəaliyyətdə olan “Çovdar” mədəninə yaxınlıqda yerləşməsi bu yatağın əlavə kapital qoyulmadan, eləcə də yeni emal zavodu və müvafiq infrastruktur qurulmadan istismarına şərait yaradır”, – deyə məlumatda vurğulanır.

“Ağyoxuş” yatağının ehtiyat potensialı 40 min unsiya qızıl həcmində qiymətləndirilir.

Hazırda “AzerGold” “Çovdar” yatağının işlənməsinin birinci (yerüstü) fazası çərçivəsində qızıl hasilatı və ixracı ilə məşğul olur.

“AzerGold” QSC prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb.

 

Related Articles

Bir cavab yazın

Back to top button