Azərbaycan

Bu gün Novruzun ilk – Su çərşənbəsidir

Su çərşənbəsi ilə qədim bayrama hazırlıqlar başlayır.

İnanclara görə, Tanrı suyu ilk olaraq yaratdığı üçün ilk çərşənbə kimi Su çərşənbəsi qeyd edilir. Bəzi mənbələrdə ona “əzəli çərşənbə”, “gül çərşənbə” də deyirlər. Bu çərşənbədə suyun dirilməsi özünü göstərir. Qədim inanclara görə, bu çərşənbə suya tapınma inancı ilə başlayır. İnanca görə “təzə su”, yəni səhər dan yeri sökülməmiş götürülən köpüklü ağ su min bir dərdin dərmanı sayılır.

Yaz fəslinin gəlişini xəbər verən Novruz bayramı ilin başlanğıcı kimi də qəbul edilir. Məhz buna görə də insanlar sudan onun kimi şəffaf və gözəl bir ilin keçməsini arzulaya bilərlər. İlk tonqalın su çərşənbəsində yandırılması buzların əriməsi, artıq qışın arxada qalmasının göstəricisidir.

Su çərşənbəsində masa üzərinə su qoymaq, masada suyun aşması xeyirliyə yozulur. Əgər süfrənizdə su aşıb tökülərsə, həmin ilin sizin üçün bol bərəkət gətirəcəyi gözlənilir. Su çərşənbəsi günü lal axan suyun üzərindən keçmək uğursuzluq əlaməti sayılır, həmçinin bu gün övladı olmayan bir qadının başından qırxaçar qabla su töksən, onun övladı dünyaya gələ bilər. Su çərşənbəsində hamının həyətində tonqal qalanır və bayram ovqatının yaxınlaşdığı nəzərə çatdırılır. Həmin gün insanların bir-birinin üzərinə su atması da uğura işarədir.

Qeyd edək ki, Od çərşənbəsi martın 5-də, Yel çərşənbəsi martın 12-də, ilaxır – Torpaq çərşənbəsi isə martın 19-da qeyd olunacaq.

Azərbaycana yaz fəsli martın 20-si Bakı vaxtı ilə saat 07:06:21-də daxil olacaq. Martın 20-21-i Azərbaycanda Novruz bayramı qeyd olunur.

Related Articles

Bir cavab yazın

Back to top button