Azərbaycan

Şərqi Azərbaycan son 9 ayda ixracatdan 1 milyard 231 milyon dollar gəlir əldə edib

Şərqi Azərbaycan Sənaye, Mədən və Ticarət Təşkilatının rəhbəri Qulamləli Rasti son 9 ayda əyalətin ixracatı və bundan əldə etdiyi gəlir barədə mediaya açıqlama verib.

Onun sözlərinə görə, cari günəş ilinin ilk 9 ayı ərzində Şərqi Azərbaycan əyaləti xarici ölkələrə müxtəlif malların ixracatından 1 milyard 231 milyon dollar gəlir əldə edib.

Neft-kimya, kənd təsərrüfatı, qida, mədən məhsulları Şərqi Azərbaycanın əsas ixrac məhsulları kimi, Türkiyə, İraq, Əfqanıstan, Azərbaycan Respublikası, Pakistan, Gürcüstan, Bolqarıstan və BƏƏ-ə göndərilib.

Rasti, cari günəş ilinin sonuna kimi əyalətin xarici ölkələrə adı çəkilən məhsulların ixracat həcminin ümumilikdə 1 milyard 800 milyon dollar olacağını qeyd edib.

O, Şərqi Azərbaycanda 370 ixracatçının fəaliyyət göstərdiyini, cari ildə onların 6-nın fəaliyyətlərinə görə nümunə iş adamı adına layiq görüldüklərini və əalətin ixracat sahəsində ölkə üzrə 6-cı yeri tutduğunu bildirib.

Şərqi Azərbaycan valisinin iqtisadi işlərin koordinasiyası üzrə müavini Məhəmməd Kəlami yaxın gələcəkdə İran prezidenti İbrahim Rəisinin əyalətə səfər edəcəyini deyib.

O, bu ərəfədə Şərqi Azərbaycanın qonşu ölkələrlə iqtisadi əməkdaşlıq planının üzərində işlənildiyini bildirib.

Kəlami əyalətdə ixracat və ixracatçılarla bağlı problemlərin və bu işə maneçilik törədənlərin, ixracat sahəsində süni əngəllərin çoxluğunu deyərək, əlaqədar məsullardan bunun həll olunmasını tələb edib.

Related Articles

Bir cavab yazın

Back to top button