Dünya

Polşada III Avropa Oyunlarının açılış mərasimi keçirilib

Polşada III Avropa Oyunlarının açılış mərasimi keçirilib. Tədbir Krakovda yerləşən "Miejski" stadionunda gerçəkləşib.

Mərasim ev sahibi Polşanın bayrağının arenanın mərkəzinə gətirilməsi ilə start götürüb. Bayraq xüsusi hazırlanmış dirəkdə təntənəli şəkildə ucaldılıb.

Daha sonra Polşa tarixinin müxtəlif dövrlərini özündə əks etdirən səhnəciklər təqdim olunub.

Ardınca mərasim bədii hissə ilə davam edib. Yerli “Qoleç Uorkestra”, həmçinin, 2022-ci ildə Avroviziya musiqi müsabiqəsinin qalibi olmuş Ukraynanın “Kaluş” qrupunun ifaları səslənib.

Daha sonra meydana yarışın rəsmi maskotları Krakuşek və Salamandra Sandra dəvət olunublar. Onlar ortaq “Biz birlikdəyik!” şüarını səsləndiriblər.

Özündə Polşanın elm, mədəniyyət və ədəbiyyat sahəsində dünya şöhrətli şəxsiyyətlərinin əsərlərinin məzmununu birləşdirən bir neçə kompozisiya da açılışı izləyənlərə təqdim edilib.

Tədbirdə, həmçinin Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxın müraciəti səsləndirilib.

Son olaraq Oyunların məşəli arenaya gətirilib və stadiondakı məşəl alovlandırılıb. Bununla da III Avropa Oyunları açıq elan olunub.

Mərasim atəşfəşanlıqla yekunlaşıb.

Related Articles

Bir cavab yazın

Back to top button