Respublikamızdan söhbət düşəndə dərhal aparıcı enerji resurslarının istehsalçısı və ixracatçısı obrazı yaranır. Xəzər dənizinin dərinliklərindən çıxarılan Azərbaycan “qara qızılı” təkcə qonşu Gürcüstanı və qardaş Türkiyəni qidalandırmır, həm də dörd qitədə 23 ölkəyə çataraq ölkəmizin mövqeyini dünya enerji arenasında möhkəmləndirir.
Son illər Azərbaycan həm də Avropa qaz bazarında əhəmiyyətli oyunçuya çevrilib və bu gün torpaqlarımızda hasil edilən təbii qaz artıq qitənin 10 ölkəsində evləri qızdırır. Hər gün Azərbaycanın Avropaya etibarlı enerji təchizatçısı kimi rolu daha da əhəmiyyətli olur və bizi regionun enerji təhlükəsizliyinin əsas tərəfdaşı və zəmanətçisinə çevirir.
Bayram dolu sentyabr!
Sentyabr ayı Azərbaycan üçün çox əhəmiyyətli və önəmli aydır. Təbii ki, sentyabr dedikdə hər bir azərbaycanlının yadına 27 sentyabr düşür. Əslində, Anım Günü kimi qeyd etdiyimiz bu gün hər bir azərbaycanlı üçün şərəf və qürur günüdür. Çünki, Ermənistanın yeni işğalçılıq planlarına, növbəti hərbi təcavüz cəhdinə və ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunu darmadağın edib və tarixi Zəfər qazanıb. Azərbaycan öz torpaqlarını 30 illik işğaldan azad edərək ərazi bütövlüyünün bərpasına və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinə nail olub.
2023-cü il sentyabrın 19-da isə Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror əməliyyatına başlanıb. Cəmi 23 saat davam edən və sentyabrın 20-də başa çatan əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirib. Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycanın suverenliyi tam bərpa edilib. Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycan Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır.
Dünən Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncama əsasən, sentyabrın 20-i Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edilib. Bundan sonra hər il sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək.
Amma 2021-ci ildən sentyabrın 20-si Azərbaycanda neft-qaz sahəsində çalışan işçilərin peşə bayramı – Neftçilər Günü kimi qeyd olunur. Bu gün Azərbaycanda Xəzərin milli sektorunda yerləşən “Azəri-Çıraq-Dərinsulu Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin (“Əsrin müqaviləsi”) ildönümüdür. Bu gün neftçilərin peşə bayramı kimi qeyd edilməsi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 16 avqust 2001-ci il tarixli fərmanı ilə rəsmiləşdirilib. Bu gün “Əsrin müqaviləsi”nin imzalanmasının 30-cu yubiley ildönümü tamam olur.
Uğurlu imzaların başında duran imza
Desək ki, Azərbaycanın bu gün dünya arenasında əldə etdiyi bütün uğurlar və nailiyyətlər Azərbaycanın nefti, qazı sahəsində əldə edilib yanılmarıq. Hər kəs razılaşar ki, Azərbaycanın əldə etdiyi bütün uğurların arxasında və başında “Əsrin müqaviləsi”nin imzalanması durur. Bir sözlər, bütün bu uğurlu imzaların arxasında “Əsrin müqaviləsi”nin imzası dayanır.
Neftçilər günündə sənayenin bu sahəsində əldə edilən uğurlar və qarşıda duran əsas məsələlər müzakirə edilir, bu sahədə xüsusi xidmətlər və fədakarlıq göstərən fəhlə və mütəxəssislərə dövlət başçısının fərman və sərəncamları ilə fəxri adlar, orden və medallar verilir.
Məhz bu gün sektorda çalışanların peşə bayramı kimi qeyd edilməsi isə 1994-cü il sentyabrın 20-də Bakıda AÇG-nin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə 6 ölkədən olan 11 xarici neft şirkəti arasında müqavilənin imzalanması ilə bağlıdır. İlkin olaraq 30 il müddətinə imzanlanmış AÇG sazişi 12 dekabr 1994-cü il tarixində Milli Məclis tərəfindən qəbul olunub və 14 dekabr 1994-cü il tarixində qüvvəyə minib. Bu saziş keçmiş Sovet İttifaqının hər hansı bir ölkəsinə Qərb transmilli şirkətləri tərəfindən qoyulmuş ilk böyük investisiya olub və “Əsrin müqaviləsi” kimi tanınır.
Saziş ratifikasiya olunduqdan sonra SOCAR və Azərbaycan hökuməti ilə əməkdaşlıq edən xarici səhmdarlar adından həyata keçirmək üçün Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) yaradılıb. İlkin olaraq ABƏŞ 6 ölkəni, yəni Böyük Britaniya, ABŞ, Rusiya, Norveç, Türkiyə və Səudiyyə Ərəbistanını təmsil edən 11 iri xarici neft şirkəti (BP, “Amoco”, “Unocal”, “LUKoil”, “Statoil”, “Exxon”, TPAO, “Pennzoil”, “McDermott”, “Ramco” və “Delta Nimir”) tərəfindən təşkil olunmuşdu. 1999-cu ilin iyun ayından etibarən, BP ABƏŞ üzrə operatorluq fuksiyasını üzərinə götürüb.
Hazırda AÇG üzrə iştirak payları aşağıdakı kimidir: BP (30,37 %), SOCAR (25 %), MOL (9,57 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), “Itochu” (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %).
AÇG neft yatağı Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan təxminən 100 km şərqdə dənizdə yerləşir. AÇG meqastrukturu Xəzər dənizinin altında 2 000 – 3 500 m dərinlikdə yerləşən Balaxanı VIII və X, həmçinin yuxarı və aşağı Fasilə lay dəstələrini əhatə edir.
Azərbaycan uğurlu biznes məkanı kimi tanınıb
AÇG tərəfdaşları ilə hökumət arasında 30 illik uğurlu əməkdaşlıq xarici neft şirkətlərinin Azərbaycan hökuməti və SOCAR ilə dənizdə hasilat platformaları, sualtı boru kəmərləri, quruda saxlama və beynəlxalq bazarlara ixrac sistemlərini əhatə edən dünya səviyyəli layihəni birgə həyata keçirməyin mümkünlüyünü nümayiş etdirib. Bu, investorların inamını artırıb və beynəlxalq aləmdə Azərbaycanın uğurlu biznes məkanı kimi tanınmasına imkan yaradıb. AÇG sayəsində Azərbaycan strateji enerji təchizatçısı kimi daha mühüm rol oynamağa başlayıb.
AÇG yatağının işlənməsinin misilsiz uğurunu nəzərə alaraq, Azərbaycan hökuməti və AÇG tərəfdaşları düzəliş edilmiş və yenidən təsdiq edilmiş sazişi 14 sentyabr 2017-ci il tarixində imzalayaraq AÇG sazişinin müddətini əsrin ortalarına qədər uzadıblar. Yeni saziş Bakıda Prezident İlham Əliyevin iştirakı ilə imzalanıb.
Yeni saziş hökumətə və investorlara AÇG-nin Azərbaycan və şirkətlər üçün iqtisadi səmərəliliyini növbəti 30 il ərzində maksimum dərəcədə artırmağa və bu dünya səviyyəli yatağa 40 milyard ABŞ dollarından çox kapital qoymağa imkan verir. O, növbəti 30 ildə AÇG üzrə iştirakçı şirkətlərin AÇG yatağının uzunmüddətli işlənmə potensialını yeni investisiyalar, yeni texnologiyalar və yataqdan hasilatı maksimuma çatdırmaq üçün yeni birgə səylər hesabına açmaq üçün Azərbaycan hökuməti ilə əməkdaşlığı davam etdirəcəklərinə zəmanət verir.
AÇG yatağının işlənməsi bir neçə mərhələdə həyata keçirilib. “Çıraq” yatağından hasilat İlkin Neft Layihəsi (İNL) çərçivəsində 1997-ci ildən başlanıb. Bunun ardınca “Azəri” layihəsi “Mərhələ 1” – “Mərkəzi Azəri”dən hasilat 2005-ci ilin əvvəlində başlanıb. Sonrakı ikinci faza “Qərbi Azəri” və “Şərqi Azəri” platformalarını əhatə edib. Orada hasilat müvafiq olaraq 2005-ci ilin dekabrında və 2006-cı ilin axırlarında başlanılıb. AÇG yatağının işlənməsinin növbəti 3-cü fazası çərçivəsində “Dərinsulu Günəşli” platformasından hasilat 2008-ci ilin aprelində başlanıb. Həmin fazalardan sonra “Qərbi Çıraq” platformasını əhatə edən Çıraq Neft Layihəsi davam edib. Həmin platformadan ilk neft 28 yanvar 2014-cü il tarixində əldə olunub. AÇG yatağının işlənməsi ilə əlaqədar ən sonuncu layihə “Mərkəzi-Şərqi Azəri” layihəsidir. Bu layihəyə 2019-cu ildə sanksiya verilib və o, bir hasilat platformasının tikintisindən ibarətdir. Bu layihə hazırda icra mərhələsindədir və orada ilk neft hasilatı 2025-ci ildə gözlənilir.
30 ilin uğurları rəqəmlərdə
1997-ci ilin noyabr ayında ilk hasilat başlanandan bu ilin sentyabrın 1-dək “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda 595,8 milyon ton neft, 225 milyard kubmetrdən çox qaz hasil edilib Bakı-Tbilisi-Ceyhan boru xətti vasitəsilə 4,3 milyard bareldən çox AÇG nefti dünya bazarlarına daşınıb. 2006-cı ildən bəri, ACG nefti ilə yüklənmiş 5 707 tanker Ceyhan terminalından yola salınıb.
Hasilatın başlanğıcından bu ilin ikinci rübünün sonunadək təqribən 57 milyard kubmetr AÇG səmt qazı Azərbaycana təhvil verilib.
1994-cü ildə AÇG layihəsi başlanandan bu ilin ikinci rübünün sonunadək BP və onun layihədəki tərəfdaşları Azərbaycanda sosial layihələrə təqribən 111 milyon ABŞ dollar xərcləyib. Müqavilənin uzadılmasının ardınca, 2019-cu il aprel ayının 19-da AÇG-nin işlənməsinin növbəti addımı olan 6 milyard dollarlıq yeni layihəyə – “Azəri-Mərkəzi-Şərqi” (ACE) layihəsinə sanksiya verilib. 2024-cü il aprel ayının 16-da ACE platformasından ilk neft əldə olunub.
Bu ilin ikinci rübünün sonuna AÇG-də 144 hasilat quyusu, 45 suvurma və 8 qaz injektor quyusu vardı.
Konsorsium tərəfindən təqdim edilən son məlumata əsasən, 1995-2024-cü illər ərzində (2024-cü ilin sentyabrın 1-nə) AÇG-yə yatırılan kapital vəsaitlərinin (CAPEX) həcmi 44 milyard 522 milyon ABŞ dolları təşkil edib.
AÇG sayəsində Azərbaycan strateji enerji təchizatçısı kimi daha mühüm rol oynamağa başlayıb. 2001-ci ildən etibarən bu ilin sentyabrın 1-nə kimi AÇG yatağı üzrə mənfəət neftinin satışından əldə edilən gəlirlərin həcmi 174 milyard ABŞ dolları olub. Bu ilin əvvəlindən sentyabrın 1-nə kimi AÇG yatağından 4 milyard 271,6 milyon ABŞ dolları gəlir əldə edilib. Sözügüdən layihə üzrə Beynəlxalq Əməliyyat Şirkəti tərəfindən 2001-ci ildən bu günə qədər ARDNF-yə ödənilən bonusların ümumi həcmi 3,3 milyard ABŞ dolları təşkil edib.
Gələcəyə böyük ümidlə
Azərbaycanın enerji sektorundakı uğurları bununla bitmir. Əksinə, növbəti illərdə bizi daha böyük nailiyyətlər gözləyir. Belə ki, AÇG dərin laylardan təbii qaz hasilatına (“deep-gas”) 2025-ci ilin əvvəlində başlamağı planlaşdırılır. Bu xoş xəbəri də bu yataqların operatoru olan BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz deyib.
BP rəsmisi qeyd edib ki, 2025-ci ilin əvvəlində BP AÇG layihəsi çərçivəsində əsas diqqəti dərin laylardan qaz hasilatına yönəltmək niyyətindədir. Bir sözlə, yaxın gələcəkdə biz AÇG layihəsi ilə bağlı daha bir əlamətdar hadisənin şahidi olacağıq.
Qeyd edək ki, 2023-cü ildə A22z qiymətləndirmə quyusu AÇG-də dərin qaz ehtiyatlarını aydınlaşdırmaq üçün qazılıb. Hazırda alınmış məlumatlar şərh edilir və layihənin həyata keçirilməsi üçün texniki və kommersiya şərtləri ilə bağlı SOCAR və Azərbaycanın dövlət qurumları ilə danışıqlar aparılır. AÇG-də dərin qaz ehtiyatları 300 milyard kubmetr qiymətləndirilir. Bu ehtiyatların işlənilməsi “Şahdəniz”, “Abşeron” və “Ümid-Babək” kimi digər iri yataqlarla yanaşı, ölkənin ümumi qaz hasilatını əhəmiyyətli dərəcədə artıracaq və Azərbaycanın enerji müstəqilliyini və qlobal enerji bazarında mövqeyini möhkəmləndirəcək.